Fariz Cəfərov: “Kibertəhlükəsizlik sahəsində kadrlara ciddi tələbat var” MÜSAHİBƏ

2023.09.21 15:07 (UTC+04:00)

- Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqlar dedikdə nələr başa düşülür?

- Dördüncü Sənaye İnqilabı bizim fərdi, iş və sosial həyat münasibətlərimizi köklü şəkildə dəyişən hazırkı sürətli texnoloji inkişaf dövrünü təsvir edən bir termindir. Buraya süni intellekt, robototexnika, əşyaların interneti, 3D çap, kvant hesablamaları, blokçeyn, dron texnologiyaları, özü-özünü idarəedən avtomobillər və yüzlərlə digər texnologiyalar daxildir. Ölkədə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək məqsədilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində “4Sİ Akademiyası” ərsəyə gətirilib. “Coursera” 100 milyondan çox insanın təhsil aldığı, 7000-dən çox kursun tədris olunduğu onlayn təhsil platformasıdır. Platformada Harvard, Stenford, Dyuk, Miçiqan, London kimi 300-ə yaxın dünyanın ən nüfuzlu universitetlərinin sahəvi kursları ilə yanaşı, bakalavr və magistr ali təhsil dərəcəsinə bərabər proqramları da tədris olunur. Bu platformada, həmçinin, Google, IBM, Microsoft, Amazon, Meta kimi qabaqcıl texnologiya şirkətlərinin karyera və şəxsi inkişafa yönəlik kursları da mövcuddur.

Layihənin məqsədi ondan ibarətdir ki, növbəti bir il ərzində hər 6 həftədən bir 1000 şəxsin, toplamda 10 minə yaxın vətəndaşımızın süni intellekt, maşın öyrənməsi, Böyük verilənlər (Big Data), Data Analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 800-ə yaxın kursdan ödənişsiz formada istifadə etməsinə şərait yaradılsın. İstifadəçilər bu beynəlxalq təhsil platformasında xarici universitetlərin, eyni zamanda beynəlxalq şirkətlərin təqdim etdiyi sertifikasiya kurslarından yararlanaraq yekunda imtahan verib beynəlxalq sertifikat əldə edəcəklər. Bu sertifikatın əldə edilməsi onlar üçün ödənişsiz olacaq. Artıq bu günə qədər 6600-dən çox vətəndaşımız qeydiyyatdan keçib.

Dördüncü Sənaye İnqilabı bizim fərdi, iş və sosial həyat münasibətlərimizi köklü
şəkildə dəyişən hazırkı sürətli texnoloji inkişaf dövrünü təsvir edən bir termindir

- Azərbaycanda Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların öyrədilməsi vəziyyətini necə qiymətləndirmək olar?

- Azərbaycan 2030-cu il üçün ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritet reallaşdırmağı hədəfləyir ki, bunlardan da biri rəqabətli insan kapitalını formalaşdırmaq və müasir innovasiyalar məkanı yaratmaqdır. Bu məqsəd insanların yüksək keyfiyyətli təhsil almaq imkanlarını genişləndirməyi, kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasını və peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmasını hədəfləyir. Bu gün müxtəlif universitetlərdə bununla bağlı proqramlar həyata keçirilir. Proqramlaşdırma, dronların hazırlanması, DATA Analitika və s. istiqamətlər üzrə müxtəlif kurslar təşkil edilir. Eyni zamanda, özəl şirkətlər tərəfindən də təqdim olunan kurslar var. İnsanlar internetlə arzu etdikləri ölkənin istədikləri kurslarından istifadə edə bilərlər. Bu gün Azərbaycanda kifayət qədər gənc var ki, bu biliklərə yiyələniblər, onların bəziləri hətta o qədər rəqabətqabiliyyətlidir ki, olduqları yerdən xarici ölkələrə İKT sahəsi üzrə xidmət göstərirlər.

Dövlət başçısının 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda, o cümlədən yeni hazırlanan “Yeni Nəsil İqtisadiyyat Strategiyası”nda nəzərdə tutulan hədəflər kifayət qədər əhatəlidir və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi və bu istiqamətdə vətəndaşlarımıza bilik və bacarıqların öyrədilməsinin təmin edilməsi nəzərdə tutulub.

Texnologiyalar həddindən artıq sürətlə inkişaf etdiyinə görə, onunla ayaqlaşmaq çətindir, mütəmadi olaraq bilikləri yeniləməyi və daim öyrənməyi əsas götürmək vacibdir. Bu baxımdan, “4Sİ Akademiyası” platforması bu istiqamətdə məqsədlərə çatmaq üçün İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən bir pilot layihədir. Təbii ki, 10 min şəxsə bu platforma vasitəsilə kursları təqdim etməklə bütün Azərbaycan üzrə sahəvi ehtiyacları təmin etmək yetərli olmayacaq. Amma “Coursera” platformasında bizim təqdim etdiyimiz proqramlarla yanaşı, vətəndaşlar özləri bəzən ödənişli, bəzən ödənişsiz proqramlardan istifadə edirlər. Belə ki, 125 min Azərbaycan vətəndaşı bu gün 10 ilə yaxın yaşı olan, 100-ə yaxın ölkədən insanların daxil olduğu “Coursera” platformasından istifadə edir. “Coursera”nın dünya üzrə 129 milyon istifadəçisi var.

- Texnologiyaların yenilənməsi bilik və bacarıqların da daim yenilənməsini tələb edir. Bu baxımdan, Azərbaycan universitetlərində qeyd edilən sahələr üzrə təhsil alan gənclər müasir dövrün tələblərinə uyğun praktiki biliklərə yiyələnirlərmi?

- Bu gün universitetlərin bir çoxunda sənayenin tələblərinə uyğun olaraq, kurrikulumlar yenilənir, təhsilin məzmunu beynəlxalq sertifikatlara uyğunlaşdırılır və bu proses davamlıdır. Artıq bəzi univerisitetlər DATA Analitika, süni intellekt, proqramlaşdırma və s. ilə bağlı xüsusi fakültələr, laboratoriyalar yaradıblar, araşdırma mərkəzləri qurublar, xüsusi kurslar tədris edirlər. Bir çox universitetlərdə elm və sənaye arasında əlaqənin qurulması üçün inkubasiya, akselerasiya mərkəzləri qurulmaqla daxili startaplara dəstək proqramları təsis edilib. Amma bu istiqamətdə görülməli işlər çoxdur. Biz də Dördüncü Sənaye İnqlibanın Təhlili və Koordinasiya Mərkəzi olaraq, dünya təcrübələrini Azərbaycana gətirmək, Dördüncü Sənaye İnqilabı texnologiyalarının təbliği, eyni zamanda sənayedə tətbiqi üçün müxtəlif maraqlı tərəflər, o cümlədən ölkədəki universitetlərlə, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Başqa ölkələrin təcrübələrinin gətirilməsi ilə bağlı artıq bir sıra layihələrimiz həyata keçirilib.

Texnologiyalar həddindən artıq sürətlə inkişaf etdiyinə görə, onunla ayaqlaşmaq
çətindir, mütəmadi olaraq bilikləri yeniləməyi və daim öyrənməyi əsas götürmək vacibdir

- Azərbaycanda rəqəmsal iqtisadiyyatla bağlı hansı ixtisaslar üzrə kadrlara daha çox tələbat var?

- Hazırda İqtisadiyyat Nazirliyi beynəlxalq məsləhət şirkəti ilə birgə “Yeni Nəsil İqtisadiyyat Strategiyası” hazırlayır. Bu prosesdə Dördüncü Sənaye İnqlibanın Təhlili və Koordinasiya Mərkəzi əsas koordinasiyanı həyata keçirir. Kifayət qədər böyük sahədir, yeni bilik və bacarıqlara ehtiyac var. Mən istərdim ki, Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində biliklər yalnız texnologiya ilə yekunlaşmasın. Çünki layihələri ərsəyə gətirmək üçün layihə menecerlərinə, dizaynerlərə, binzes analitiklərinə, sahəvi hüquqşünaslara və digər bu kimi ənənəvi, amma yeni səriştələrə yiyələnmiş ixtisaslı kadrlara ehtiyac var. Bununla yanaşı, süni intellekt, verilənlər bazasının idarəedilməsi, dataların viziuallaşdırılması, təhlili, analitikasının aparılması, dronların idarəolunması, müxtəlif elektrik cihazlarının, robotların yaradılması üzrə mütəxəssislərə ehtiyac var. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində kadrlara ciddi tələbat var. Bu istiqamət daim rəqəmsallaşdıqca kibertəhlükəsizlik məsələləri daha çox gündəmə gəlir, bu sahə üzrə mütəxəssislərin yetişməsinə böyük ehtiyac yaranır. Artıq bəzi ali məktəblərin xarici universitetlərlə əməkdaşlığı çərçivəsində Azərbaycanda bir sıra layihələrin icrasına başlanılıb, fərqli istiqamətlərdə kurslar və təlimlər tədris edilir. Yeni nəsil iqtisadiyyat strategiyası çərçivəsində bu sahə üzrə ehtiyac duyulan insan resurslarının sayı və onların sahib olmalı olduğu bilik və bacarıqların da siyahısı hazırlanacaq.

- Azərbaycan adlarını sadaladığınız istiqamətlər üzrə kadrlara olan tələbatını nə zaman özü ödəyə bilər?

- Əslində, dünyanın elə bir ölkəsi yoxdur ki, öz daxili bazarı üçün tələb olunan sayda mütəxəssis yetişdirib təmin edə bilsin. Ən qabaqcıl ölkələr belə, istər fiziki, istərsə də məsafədən olmaqla İKT mütəxəssislərini işə cəlb edirlər. Ona görə də ölkəmizdə bu sahə üzrə kadr təminatını tam təmin etməyin zamanını demək çətindir, çünki texnologiya həddindən artıq sürətlə inkişaf edir, əmək bazarında bu kadrlara olan tələbat layihələrin sayından, rəqəmsallaşma sürətindən asılı olaraq, dəyişir. Məlumdur ki, bəzən daxili əmək bazarı üçün kadrlar yetişdiririk, amma onlar Azərbaycandan digər ölkələrə gedə, yaxud burada yaşaya-yaşaya məsafədən başqa ölkələr üçün işləyə bilərlər.

- Gələcək dövr üçün hansı ixtisaslar üzrə kadrlara daha çox ehtiyac yaranacaq?

- Dünya İqtisadi Forumunun 2023-cü ildə işıq üzü görmüş “Future of Jobs” hesabatına əsasən, növbəti 5 il ərzində iş mühitində bacarıqların 44%-i tranformasiyaya məruz qalacaq və ən çox tələb olunanlar sırasında analitik bacarıqlar, yaradıcı düşüncə, texnoloji savadlılıq yer alacaq. Təkcə 2027-ci ilə qədər bütün biznes tapşırıqlarının 42%-i, informasiya və məlumatların emalı üzrə işlərin isə 65%-i avtomatlaşdırılacaq.

Eyni zamanda, hesabatda qeyd olunur ki, hər 10 işçidən 6-sı əlavə bacarıqlara ehtiyac duyacaq, lakin bir çoxunun istədiyi resurslara çıxışı, təəssüf ki, olmayacaq. Bu isə o deməkdir ki, hazırda yaşadığımız sənaye inqilabı bütün dünya ölkələri üçün yeni çağırışlar yaradır. Maraqlıdır ki, texnologiya ilə yanaşı, qeyri-texnologiya sahəsi üzrə olan işlərə də ehtiyacın olacağı qeyd edilir. Bunlar kreativ və analitik düşünmə bacarığı, strateji baxış, strateji planlama, problemlərin həlli sahələridir. Bununla yanaşı, psixologiya sahəsi xüsusilə aktuallaşacaq, çünki insanlar sosial şəbəkələrdən, internetdən istifadə etdikcə özünəqapanma yaranır. Bu baxımdan, insanların sosiallaşmasına böyük ehtiyac yaranır. Buna görə də bu sahə üzrə mütəxəssislərə tələbat olacaq. Süni intellekt, analitika və datanın təhlili ixtisasları üzrə kadrlara, həmçinin datanı başa düşən hüquqşünaslara da böyük ehtiyac yaranacaq. Bəzən sual verilir ki, peşələr aradan qalxacaqmı? Hesablamalara görə, bir sıra peşələr aradan qalxsa da, yeni peşələr, çoxlu iş yerləri yaranacaq. Çünki bir robot yaradılan zaman ona xidmət göstərən, idarəedən, proqramını yazan şəxsin də olması lazımdır. Onlarla, yüzlərlə yeni peşələr formalaşalacaq. Uzun müddət müzakirə olundu ki, telefonlar yarandığı üçün kameramanlara və fotoqraflara ehtiyac yoxdur. Ancaq fotoqraflar hazırda o cihazlardan istifadə edərək daha çox şəkil çəkə bilirlər. Dolayısı ilə yeni texnologiyaları öyrənən peşə sahibləri daha sürətli xidmət göstərə bilirlər. Məsələn, həkimlər süni intellekti tətbiq edib diaqnostika prosesini daha da sürətləndirə bilərlər. Bu, o deməkdir ki, onların müalicəyə, insanlarla ünsiyyətə daha çox vaxtları qalacaq. Bir növ texnologiya ilə insan arasında əməkdaşlıq modeli formalaşır. Texnologiya insanlara daha çox kömək etməyə başlayır.

- Azərbaycanda süni intellektin praktiki olaraq, tətbiq edildiyi sahələr hansılardır?

- Ölkəmizdə süni intellekt daha çox sənayedə, istehsalda, logistika və nəqliyyat sistemində, satınalma prosesində, səhiyyədə, bank sektorunda tətbiq edilir. Bir sıra dövlət xidmətlərində də süni intellektlə bağlı tətbiqlər hazırlanıb.

Dünya İqtisadi Forumunun 2023-cü ildə işıq üzü görmüş “Future of Jobs”
hesabatına əsasən, növbəti 5 il ərzində iş mühitində bacarıqların 44%-i
tranformasiyaya məruz qalacaq və ən çox tələb olunanlar sırasında analitik
bacarıqlar, yaradıcı düşüncə, texnoloji savadlılıq yer alacaq

- 4Sİ Akademiyasının fəaliyyətə başlaması Azərbaycanın rəqəmsal iqtisadiyyat üzrə kadrlara olan tələbatının ödənilməsinə hansı formada təsir göstərəcək?

- “Coursera”nın da hesablamalarına görə, hər kursa başlayan onu bitirmir. Bu, bir pilot layihədir, biz istəyirik ki, bu sahəyə olan marağı, məlumatlandırmanı artıraq. Sonrakı dövrlərdə insanların oxuduqları, öyrəndikləri və hazırda işlədikləri yerlərdə tədqiqatlar apardıqdan sonra deyə bilərik ki, platforma Azərbaycanın tələbatının ödənilməsinə necə təsir göstərib. Amma hazırda bunu söyləmək çox çətindir.

- 4Sİ texnologiyaları sahəsində bilik və bacarıqlara yiyələnmə rəqabətli əmək bazarında işlə təmin olunma imkanlarına necə təsir edir?

- Hesablamalara görə, bu tipli platformalarda qeyd olunan sahələr üzrə təhsil alan insanların 70 faizi yeni iş tapa və ya karyeralarında irəliləyə bilirlər. Çünki bunlar çox praktik kurslardır, şəxsə birbaşa bilik və təcrübə verir. Məsələn, proqramlaşdırma, yaxud süni intellekt sahəsində təhsil alan hər hansı şəxsə real tapşırıq verilir, o, real tapşırığı icra edir, sistemə yükləyir. Həmin şəxs sabah hər hansı iş üçün müraciət etdiyi zaman öz platformasındakı nəticəsini işəgötürənə əyani şəkildə göstərə biləcək.


İlhamə İSABALAYEVA