Türkiyə ilə ticarət dövriyyəsi 5,5 milyard dolları üstələyib

2023.09.20 16:20 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 1,64 milyard ABŞ dolları və ya 42,4 faiz artaraq 5,5 milyard dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 8 ayında Azərbaycandan Türkiyəyə 4 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 1,54 milyard dollar və ya 63 faiz çoxdur.

Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 6,9 faiz və ya 98,4 milyon dollar artaraq 1,52 milyard dollar təşkil edib.

Cari ilin yanvar-avqust aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 15,57 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricini 4,51 faiz bəndi üstələyir.