Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı (kondensatla birlikdə) 620 min barel olub ki, bu da 2022-ci ilin avqust ayının göstəricisindən 3,3 faiz və ya 21 min barel azdır.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Energetika Nazirliyinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin avqust hasilatında 498 min bareli xam neftin, 122 min bareli isə kondensatın payı təşkil edib. 2022-ci ilin eyni ayının müvafiq göstəriciləri üzrə xam neft hasilatı 10,1 faiz (56 min barel) azalıb, kondensat hasilatı isə 40,2 faiz (35 min barel) artıb.
Bu ilin iyul ayına nisbətdə isə avqustda xam neft hasilatında 0,2 faiz (1 min barel) azalma qeydə alınıb, kondensat hasilatı isə dəyişməz olaraq qalıb.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.