Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında ilk beşlikdədir

2023.09.19 15:22 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətdə 16,1 faiz artaraq 979 380,0 min ABŞ dolları təşkil edib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Gürcüstan Milli Statistika İdarəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 8 ayında Gürcüstandan Azərbaycana 567 804,8 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 34,7 faiz üstələyir.

Hesabat dövründə Azərbaycandan Gürcüstana idxal isə 2,4 faiz azalaraq 411 575,2 min dollar olub.

Hesabat dövründə Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycanla ticarətin payı 7 faiz təşkil edib.

2023-cü ilin yanvar-avqust ayları üzrə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində ilk on ticarət tərəfdaşının payı 68,7 faiz təşkil edib. Azərbaycan bu siyahıda Türkiyə (1 943 996,7 min dollar), Rusiya (1 686 897,8 min dollar), ABŞ (1 239 994,7 min dollar) və Çindən (1 096 214,1 min dollar) sonra beşinci yerdə qərarlaşıb.