1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək

2023.09.18 17:04 (UTC+04:00)

7-9 dekabr tarixlərində Bakıda “1-ci yerli istehsalat və istehsal texnologiyaları sərgisi” keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, ilk dəfə keçiriləcək sərgidə ölkədə fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsullar, eləcə də müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunacaq. Sərginin keçirilməsinin məqsədi yerli məhsulların alınmasını təşviq etmək, onları geniş istehlakçı auditoriyasına tanıtmaqdır.

Sərgidə yerli istehsalçıların son illər ərzində əldə etdikləri nailiyyətlər, yerli brendlər və onların istehsal texnologiyaları barədə məlumat almaq mümkün olacaq.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərgi çərçivəsində müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlərin keçirilməsi nəzərdə tutulur.

Sərgidə məhsullarını təqdim etmək istəyən yerli istehsalçılar *0555 nömrəsinə müraciət edə bilərlər.