Vladivostok müəssisəsinin iki balıqçılıq və balıq emalı gəmisi Azərbaycana dondurulmuş balıq və xərçəng məhsulları tədarük etmək hüququ əldə edib.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına görə, gəmilər həmçinin Türkmənistan, Özbəkistan, Moldova, Gürcüstan və Omana balıq məhsullarının tədarükü üçün sertifikatlaşdırılıb.
"Rosselxoznadzor"un müfəttişləri tərəfindən gəmilərə baxış keçirilib, onların texnoloji xüsusiyyətləri, istehsalat və yardımçı otaqlarının vəziyyəti öyrənilib. Gəmilərin idxalçı ölkələrin baytarlıq-sanitariya tələblərinə uyğunluğu müəyyən edilib. Qeyd olunur ki, daha öncə bu gəmilər Cənubi Koreya, Çin, Yaponiya, Namibiya, Vyetnam, İndoneziya, Türkiyə, Filippin və Sinqapura balıqçılıq məhsulları ixrac edənlərin reyestrinə daxil edilib.