- Özbəkistan və Azərbaycan arasında ticarət və investisiya əməkdaşlığının hansı sahələri daha perspektivli hesab edilə bilər?
- Ölkələrimiz bir çox sahələrdə, o cümlədən ticarət-iqtisadi və qarşılıqlı investisiya üzrə fəal şəkildə əməkdaşlıq edirlər. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 180 milyon dollardan çox olub. İnvestisiya əməkdaşlığına gəlincə, qeyd etmək lazımdır ki, Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 200-dən çox şirkət fəaliyyət göstərir. Avtomobil sənayesi, energetika, toxuculuq, kənd təsərrüfatı və s. sahələrdə müxtəlif birgə investisiya layihələri həyata keçirilir. Bu yaxınlarda yaradılmış Özbəkistan-Azərbaycan İnvestisiya Fondu 500 milyon dollar nizamnamə kapitalı ilə birgə investisiya təşəbbüslərinin həyata keçirilməsini dəstəkləməyə yönəldilib.
Özbəkistan-Azərbaycan İnvestisiya Fondu 500 milyon
dollar nizamnamə kapitalı ilə birgə investisiya təşəbbüslərinin
həyata keçirilməsini dəstəkləməyə yönəldilib
- Ölkələrimizin yükdaşıma sahəsində əməkdaşlığını necə qiymətləndirirsiniz?
- Logistika və nəqliyyat Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın ən perspektivli sahələrindəndir. Daşkənd üçün iqtisadi-ticarət əlaqələrinin, o cümlədən alternativ nəqliyyat və logistika marşrutlarının inkişafı baxımından şaxələndirilməsi müstəqillik əldə etdikdən sonra həmişə əsas prioritetlərdən biri olub. Hazırkı geosiyasi vəziyyət isə bizi bu istiqamətdə daha da həvəsləndirir. Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizindən istifadənin genişləndirilməsinə və Azərbaycan ərazisindən keçən Transxəzər nəqliyyat marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların artırılmasına maraq göstərir.
Konseptual nöqteyi-nəzərdən, Daşkənd “nəqliyyat plüralizmi”ni təşviq edir, burada Özbəkistan təkcə öz rolunu deyil, həm də beynəlxalq nəqliyyat üçün tranzit qovşağı kimi bütün Mərkəzi Asiyanın əhəmiyyətini artırmağa çalışır.
Beləliklə, Özbəkistan bu gün şimal (ənənəvi) istiqamətdə nəqliyyat və logistika zəncirlərinin inkişafı ilə yanaşı, şərqdə (Özbəkistan-Qırğızıstan-Çin dəmir yolu layihəsi), cənubda (Özbəkistan-Əfqanıstan-Pakistan dəmir yolu layihəsi), qərb və cənub-qərb istiqamətlərində (Özbəkistan-Türkmənistan-İran dəhlizi və Transxəzər marşrutu) əsas layihələrin təşviqinə daha çox diqqət yetirir.
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizindən istifadənin
genişləndirilməsinə və Azərbaycan ərazisindən keçən Transxəzər nəqliyyat
marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların artırılmasına maraq göstərir
- Sizcə, Zəngəzur dəhlizinin açılması yükdaşıma sektorunun inkişafına hansı töhfə verə bilər?
- Özbəkistan beynəlxalq münasibətlərin məsul aktoru kimi Cənubi Qafqazda sülhün və sabitliyin olmasında maraqlıdır. Daşkənd regionun ticarət-iqtisadi, nəqliyyat və logistika əlaqələrinin güclənməsinin tərəfdarıdır. Hesab edirəm ki, Zəngəzur dəhlizinin işə düşməsi bu baxımdan bir çox dövlətlər, o cümlədən Özbəkistan və ilk növbədə, Cənubi Qafqaz ölkələri üçün geniş imkanlar yarada bilər.
- Transqafqaz marşrutları Özbəkistan üçün hansı imkanlar açır? Bu istiqamətdə hərəkətliliyi artırmaq üçün nə etmək lazımdır?
- Transxəzər və Transqafqaz marşrutlarından istifadə Özbəkistanın ticarət-iqtisadi əlaqələrinin şaxələndirilməsinin əsas elementlərindən biri və ölkəmizin beynəlxalq arenada təbliğ etdiyi “nəqliyyat plüralizmi”nin ayrılmaz aspektlərindəndir. Özbəkistanın bu marşrutlardan istifadə etməsi Cənubi Qafqaz dövlətləri, Türkiyə və Avropa ölkələri ilə ticarətin artırılması üçün böyük imkanlar açır. Bu istiqamətlərdə yük axınının artırılması üçün maraqlı dövlətlərin həmin marşrutların infrastrukturunun genişləndirilməsi və yükdaşıma tariflərinin optimallaşdırılması istiqamətində birgə tədbirlər görməsini zəruri hesab edirəm. Fikrimcə, bu işə çoxtərəfli əməkdaşlıq strukturlarını, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələri fəal şəkildə cəlb etmək vacibdir.
Transxəzər və Transqafqaz marşrutlarından istifadə Özbəkistanın ticarət-iqtisadi
əlaqələrinin şaxələndirilməsinin əsas elementlərindən biri və ölkəmizin
beynəlxalq arenada təbliğ etdiyi “nəqliyyat plüralizmi”nin ayrılmaz aspektlərindəndir
- Ölkələrimiz arasında rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz?
- Özbəkistan və Azərbaycan arasında rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq, o cümlədən rəqəmsal iqtisadiyyat üzrə təcrübə mübadiləsi strateji tərəfdaşlığımızı daha da gücləndirəcək. Bu kontekstdə Özbəkistanın Rəqəmsal İqtisadiyyat Tədqiqatları Mərkəzi ilə Azərbaycanın Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi arasında imzalanmış memorandum tərəflərə rəqəmsal iqtisadiyyat və elektron hökumətin inkişafı sahəsində birgə tədqiqatlar aparmağa imkan verir. Hesab edirəm ki, hər iki tərəf bu istiqamətdə əməli işə diqqət yetirməlidir.
- Ötən il Azərbaycana gələn özbək turistlərin sayı 6 dəfədən çox artıb. Sizcə, hansı əlavə tədbirlər turist axınının daha da inkişafına kömək edə bilər?
- Turizm, şübhəsiz ki, Özbəkistan və Azərbaycan arasında qarşılıqlı fəaliyyətin prioritet sahələrindəndir. Turist axınını artırmaq üçün, fikrimcə, hər iki ölkənin attraksionları haqqında reklam tədbirlərinin (o cümlədən mediada) sayının artırılmasına, hava nəqliyyat xərclərinin optimallaşdırılmasına, Bakıdan Buxara, Səmərqənd və əks istiqamətdə birbaşa uçuşların təşkilinə diqqət yetirmək lazımdır.
Tamilla MƏMMƏDOVA