İslam İnkişaf Bankı Qrupu ilə görüş keçirilib

2023.09.16 12:46 (UTC+04:00)

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Bakıda səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ixracın və investisiyaların təşviqi mexanizmləri, o cümlədən təsdiqlənməsi gözlənilən Milli İxrac Strategiyası, ixrac coğrafiyasının şaxələndirilməsi, logistikanın subsidiyalaşması və gözlənilən digər təşviqedici mexanizmlər barədə məlumat verib. Qeyd edilib ki, AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvü və Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir.

ITFC-nin baş icraçı direktoru və ICD-nin baş icraçı direktorunun vəzifəsini icra edən Hani Salem Sonbol dövlət-özəl tərəfdaşlığı çərçivəsində AZPROMO ilə əməkdaşlıq etməyə maraqlı olduqlarını vurğulayaraq, ITFC-nin müxtəlif ölkələr və regionlar üçün hazırladığı ticarətin təşviqi üzrə proqramlar haqqında məlumat verib. Bildirilib ki, Mərkəzi Asiya regionunda İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında ticarətin təşviqi üçün ITFC tərəfindən həyata keçirilən əsas proqram (“TCCA+”) çərçivəsində Azərbaycan və Mərkəzi Asiya regionu üçün Ticarətin Təşviqi Təşkilatı (TPO) şəbəkəsinin yaradılmasına AZPROMO tərəfindən gələcək əlaqələndirmə işlərinə potensial dəstəyin göstərilməsi proqramın effektiv reallaşdırılmasına mühüm töhfə verə bilər.

Görüşdə AZPROMO tərəfindən ölkəmizdə "eximbank" (ixrac-idxal) alətlərinin yaradılması və tətbiqi istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb. Bu sahədə ITFC ilə tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.