ƏDV-nin əvəzləşdirilməsi zamanı ƏDV-dən azad olunan əməliyyatla sıfır dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyat fərqli statuslara malikdir. Bu səbəbdən, onları ƏDV-dən azad edilən əməliyyatlarla eyniləşdirmək olmaz.
Misal 1: “AA” MMC-nin yanvar ayı üzrə 18 faizlə ƏDV-yə cəlb olunan əməliyyatları 30.000 manat, ƏDV-nin sıfır (o) dərəcə ilə tutulması ilə bağlı əməliyyatları 25.000 manat olub. Vergi ödəyicisinin yanvar ayı üzrə ödədiyi ƏDV-nin ümumi məbləği 12.000 manat təşkil edib. Belə olan halda, ödəyicinin həm 18 faizlə, həm də sıfır dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatları olmasına baxmayaraq, o, 12.000 manatlıq ƏDV-ni tam olaraq əvəzləşdirə biləcək.
Misal 2: “AA” MMC-nin yanvar ayı üzrə 18 faizlə ƏDV-yə cəlb olunan əməliyyatları 30.000 manat, ƏDV-dən azad edilən əməliyyatlar üzrə dövriyyəsi isə 25.000 manat olub. Vergi ödəyicisinin yanvar ayı üzrə ödədiyi ƏDV-nin məbləği 12.000 manat təşkil edib. Bu zaman artıq vergi ödəyicisi ƏDV-ni tam əvəzləşdirə bilməyəcək, çünki ƏDV-dən azad olunan əməliyyatlar üçün xüsusi çəki müəyyənləşdirmək lazımdır.
Bəs hansı əməliyyatlar sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunur?
Vergi Məcəlləsinin 165.1.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin müvafiq statuslu Azərbaycan Respublikasının vətəndaşı olmayan diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlər üzrə ƏDV 0 (sıfır) dərəcə ilə tətbiq edilməlidir.
Misal 3: Azərbaycan Respublikasında akkreditə edilmiş “Asson” Beynəlxalq Təşkilatı “Land” Biznes Mərkəzində, ayı 12.000 manat olmaqla, ofis icarəyə götürüb. Mərkəzin ƏDV ödəyicisi olmasına baxmayaraq, qarşı tərəf ölkəmizdə akkreditasiyadan keçmiş beynəlxalq təşkilat statusunu nəzərə alaraq, icarə məbləğinin üzərinə 2.160 manat (12.000 manat x 18 faiz) ƏDV əlavə etmir. Bu səbəbdən, Biznes Mərkəzi tərəfindən təqdim olunan elektron qaimə-fakturada 0 (sıfır) dərəcə qeyd edilir.
Bir məsələni də qeyd edək ki, bu maddə üzrə sıfır (0) dərəcə ilə ƏDV o ölkələrə münasibətdə tətbiq edilir ki, həmin ölkələr tərəfindən 165.1.1-ci maddədə göstərilən işlərə, xidmətlərə və əməliyyatlara görə ƏDV sıfır (0) dərəcəsi ilə tətbiq edilsin.
Vergi ödəyicisi beynəlxalq təşkilatdan və ya səfirlikdən ƏDV-nin (0) sıfır dərəcə ilə tətbiqi ilə bağlı hansı sənədi tələb etməlidir?
Nazirlər Kabinetinin 27 mart 2006-cı il tarixli 89 nömrəli qərarı ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları” təsdiq edilib.
Qaydalarda qeyd olunur ki, bu cür qurumlara Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən “Rəsmi istifadə üçün nəzərdə tutulan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcəsinin tətbiqinə dair Bildiriş” göndərilir. Malların və xidmətlərin alışı zamanı nümayəndəlik Bildirişin onun tərəfindən təsdiq olunmuş surətini malların və xidmətlərin satışını həyata keçirən vergi ödəyicisinə təqdim etməlidir. Bildirişin surəti təqdim edilmədikdə, mallara və xidmətlərə əlavə dəyər vergisinin sıfır (0) dərəcəsi tətbiq olunmur.
Qeyd edək ki, ƏDV bəyannaməsinin 4 saylı “ƏDV-yə sıfır (0) dərəcə ilə tutulan dövriyyə barədə məlumat” əlavəsində bu maddəyə uyğun aparılan əməliyyatlar 302.1-ci sətirdə qeyd olunmalıdır.