İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) Azərbaycanda kiçik və orta sahibkarlarla əməkdaşlığı gücləndirmək niyyətindədir.
Bunu ITFC-nin baş icraçı direktoru Hani Salem Sonbol deyib.
Hani Salem Sonbol ITFC-nin Azərbaycanla əməkdaşlığının çox səmərəli olacağına əminliyini ifadə edib: "Biz təkcə Azərbaycanın deyil, bütün regionun inkişafına töhfə verəcəyik. Diqqətimizi bərpa olunan enerji və “yaşıl” maliyyə kimi strateji layihələrə yönəldəcəyik. Məhsullarımız həm dövlət, həm də özəl sektorda istifadə oluna bilər”.
Hani Salem Sonbolun fikrincə, mövcud bankların transformasiyası və ya islam bankçılığı üçün ixtisaslaşdırılmış bölmələrin yaradılması qaçılmazdır. Bu maliyyə mexanizminin reallaşdırılması Azərbaycan və qonşu regionların iqtisadi inkişafına müsbət təsir göstərə bilər.
"Biz islam maliyyə məhsullarını fəal şəkildə tətbiq edəcəyik. İndiyədək biz Azərbaycanla kifayət qədər mühüm ticarətin maliyyələşdirilməsi əməliyyatlarını həyata keçirmişik. Mən müxtəlif dövlət qurumlarında rəsmi şəxslərlə müzakirələr aparmışam. Hesab edirik ki, Azərbaycanda həyata keçirilən mühüm layihələrdə daha səmərəli işləmək və daha sıx əməkdaşlıq etmək potensialımız var", - o əlavə edib.
Qeyd edək ki, 12-14 sentyabr tarixlərində Bakıda ITFC tərəfindən “İslam Maliyyə Məhsullarının Strukturlaşdırılması” mövzusunda seminar keçirilib. Seminarda dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.