Dekabrın 8-də stolüstü tennis idman növünün təbliği, əməkdaşların sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Stolüstü tennis Federasiyasının təşəbbüsü ilə nazirlik, komitə və agentliklər arasında stolüstü tennis turniri başa çatıb.
Turnirdə Vergilər Nazirliyi ilə yanaşı, İqtisadiyyat, Fövqəladə Hallar, Ədliyyə, Gənclər və İdman, Mədəniyyət, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük, Statistika komitələrinin, eləcə də digər dövlət qurumlarından 93 kişi və 7 qadın əməkdaş iştirak edib.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Təşkilat-analitik və preventiv tədbirlər idarəsinin Təşkilat-analitik şöbəsinin baş müvəkkili Elşən Pənahov turnirin üçüncüsü olub. O, belə bir turnirə ilk dəfə qatıldığını bildirib: "Əsasən, boksla məşğul olsam da, uşaqlıq hobbim olan stolüstü tennisdə özümü sınamaq qərarına gəldim. Çoxdan oynamadığım üçün bu dəfə yalnız üçüncü yerlə kifayətlənməli oldum. Gələcək yarışlarda da iştirak etmək niyyətindəyəm".