İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgəsində torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin elektron kadastr uçotu, eləcə də torpaqların bonitirovkası, iqtisadi qiymətləndirilməsi və s. kimi torpaq kadastrı və yerquruluşu işləri davam etdirilir.
Bu işlərin həyata keçirilməsi bölgənin malik olduğu torpaq ehtiyatlarının həcminin, məqsədli təyinatına uyğun tərkibinin müəyyən edilməsinə imkan verəcək.
Bu ilin may ayından etibarən Laçın, Ağdam rayonları ilə yanaşı, Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində kadastr və yerquruluşu işləri aparılır. Bu işlər çərçivəsində Füzulinin işğaldan azad olunmuş hissəsində 71 735 hektar çöl torpaq tədqiqatı və 19 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri həyata keçirilib. Müasir çöl ölçmə aparatlarından istifadə edərək 33 677 hektar ərazinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri hazırlanıb.
İşğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri çərçivəsində bu günədək Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Füzuli və Ağdam rayonları üzrə ümumilikdə 687 min hektara yaxın ərazidə çöl ölçmə işləri icra olunub.
Qeyd edək ki, dağıdılmış yaşayış məntəqələrinin, kənd təsərrüfatı təyinatlı torpaqların, meşələr və digər təyinatlı torpaqların, o cümlədən onların hüdudları daxilində yerləşən bütün komponentlərin koordinatları Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən çöl ölçmə işləri zamanı müasir cihazlarla təyin olunur. Ərazidə GPS vasitəsilə çöl ölçmə işlərini aparmaq üçün fasiləsiz fəaliyyət göstərən AzPOS stansiyalarına istinad edilir.
Torpaq kadastrı işləri çərçivəsində həmçinin, torpaqların iqtisadi qiymətləndirilməsi həyata keçirilir. Bu günədək Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Ağdam və Füzuli rayonları üzrə ümumilikdə, 541 531 hektar ərazidə çöl torpaq tədqiqatı, 490 060 hektar ərazidə çöl geobotaniki tədqiqatlar aparılıb, torpaq və bitki nümunələri götürülərək aqrokimyəvi analizlərin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyalarına verilib.
Torpaq və geobotaniki tədqiqatların nəticələri torpaqların vahid elektron kadastrı uçotu informasiya sisteminə daxil edilir.
İşğaldan azad olunmuş ərazilərdə torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı aparılan elektron kadastr uçotu daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılmasına, torpaqlardan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına, torpaq ehtiyatlarının səmərəli idarə edilməsinə imkan verəcək.