Pakistan və Azərbaycan ikitərəfli əlaqələri daha da gücləndirmək niyyətindədirlər

2023.09.13 10:08 (UTC+04:00)

Pakistan və Azərbaycan müxtəlif sahələrdə ikitərəfli əlaqələri daha da gücləndirmək niyyətindədirlər.

Pakistan İslam Respublikasının nüfuzlu "The Nation" nəşrinin məlumatına əsasən, bunu Federal planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər naziri Məhəmməd Sami Səid Azərbaycan Respublikasının bu ölkədəki səfiri Xəzər Fərhadov ilə görüşündə deyib.

Görüş zamanı iki ölkə arasında ticarət və enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Münasibətləri sürətlə inkişaf edən Pakistan və Azərbaycanın ticarət, enerji, turizm və informasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirməklə əlaqələri daha da gücləndirmək niyyətində olduğu da vurğulanıb.

Nazir iki ölkə arasında uzunmüddətli dostluğun əhəmiyyətini vurğulayıb. Xəzər Fərhadov qeyd edib ki, 2022-ci ildən iki ölkə arasında birbaşa uçuşlar bu əlaqələrə böyük töhfə verir.

Qeyd olunub ki, ötən il Azərbaycana 50 minə yaxın pakistanlı turist gəlib. Həmçinin, Azərbaycan hökumətinin Pakistandan gələn turistlərin onlayn viza almalarına şərait yaratdığı bildirilib.
Məhəmməd Sami Səid bunu yüksək qiymətləndirdiyini və turizm sahəsində əməkdaşlıq imkanlarını araşdırmağa hazır olduğunu bildirib.