“AzerGold”un qızıl sikkə kolleksiyaları Almaniyada nümayiş olunub

2023.09.12 10:46 (UTC+04:00)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qızıl və gümüş sikkə, eləcə də qızıl külçə kolleksiyaları Almaniyada nümayişə çıxarılıb.

Nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı məhsullar Düsseldorf şəhərində təşkil edilən polo üzrə 14-cü Avropa Çempionatı çərçivəsində 9-10 sentyabr tarixlərində sərgilənib.

“AzerGold” QSC-nin qızıl və gümüş kolleksiyaları “Made in Azerbaijan” brendinin təşviqi, mədəniyyətimiz və incəsənətimizin təbliği məqsədilə təşkil edilən milli guşəni ziyarət edən Almaniya vətəndaşları, eləcə də müxtəlif ölkələrdən gəlmiş qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi ziyarətçilərinə Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən “Heydər Əliyev Mərkəzi”, “Qarabağ xalçası: Çələbi”, “Qobustan”, həmçinin “Qarabağ inciləri”, “Şuşa”, “Xurşidbanu Natəvan” və digər qiymətli məhsullar barədə ətraflı məlumat verilib.