Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq istəyən namizədlər üçün “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə uyğun olaraq, test imtahanı keçirilib. Muxtar respublikanın dövlət vergi orqanlarına işə qəbulla bağlı ümumilikdə 581 müraciət daxil olub və onlardan 449 namizəd müsabiqədə iştirak hüququ qazanıb.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 449 namizəddən 9 nəfər imtahana gəlməyib, 97 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb. İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəsmi saytında yerləşdirilib.
Test imtahanından uğurla keçən namizədlərə müsahibə mərhələsi barədə əlavə məlumat veriləcək.