Biznes kreditlərinə tələbdə artım qeydə alınıb

2023.09.11 17:49 (UTC+04:00)

2023-cü ilin II rübündə biznes kreditlərinə tələbdə artım qeydə alınıb. “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Mərkəzi Banka istinadən bildirir ki, 2023-cü ilin III rübü üçün biznes kreditləri üzrə gözləntilərdə milli valyutada, habelə qısamüddətli və uzunmüddətli kreditlərə tələbin artması, xarici valyutada olan kreditlərə isə tələbin dəyişməyəcəyi proqnozlaşdırılır. Biznes, o cümlədən, KOS subyektləri kreditləri üzrə tələb artımını formalaşdıran əsas faktorlar dövriyyə və investisiya kapitalı ehtiyacları, bankların kredit şərtlərində dəyişikliklər və rəqəmsallaşdırma olub.

2023-cü ilin II rübündə KOS subyektləri üzrə kreditlərin verilmə standartlarında dəyişiklik müşahidə edilməyib. Cari ilin ikinci rübündə ümumi iqtisadi gözləntilər, banklarla rəqabət, iqtisadiyyatın sahələri üzrə artım və kreditlərə tələbin artması KOS subyekləri üzrə kreditlərin verilmə standartlarına yumşaldıcı, təminatın keyfiyyəti, iri kreditorların maliyyə vəziyyətinə dair risklər, həmçinin uçot dərəcəsi sərtləşdirici təsir göstərib. KOS kreditlərini verilmə şərtlərinə gəlincə isə, faiz dərəcəsi, aşağı riskli kreditlərə tətbiq olunan marja və komissiya üzrə yumşalma, yuxarı riskli kreditlərə tətbiq olunan marja və məhdudlaşdırıcı meyarlar üzrə isə sərtləşmə müşahidə edilib.