Kəlbəcər şəhərinin Baş planı hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Ölkə rəhbərliyinin göstərişləri əsasında inkişaf konsepsiyasına uyğun olaraq rayon infrastrukturu sürətlə yenilənməkdədir. Cari ildə dövlət başçısı tərəfindən Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, 960 şagird-yerlik orta məktəb binasının, habelə rayonun Zar, Zallar və Yanşaq kəndlərinin təməli qoyulub. Qeyd edilənlərin layihələndirməsi ilə yanaşı, İstisu qəsəbəsində mehmanxana kompleksi və su istehsalı zavodu tikilir.
Bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun Kəlbəcər şəhərində növbəti iclasında məlumat verilib.
Qeyd olunub ki, mövcud plan üzrə 2023-cü ildə Kəlbəcər rayonunda daha 7, 2024-cü ildə isə 4 yaşayış məntəqəsinin layihələndirilmə işləri aparılacaq. Ümumilikdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.
İnfrastruktur məsələlərinə gəldikdə isə Kəlbəcər şəhərində yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamətində ümumi uzunluğu 27,08 km olan yol-küçə şəbəkəsinin hazırda 18,87 km-lik hissəsi layihələndirildiyi qeyd olunub.
Eyni zamanda, Kəlbəcər rayonunda 2026-cı ilə qədər təxminən 2000 ədəd fərdi yaşayış evinin və 1500 ədəd mənzilin - ümumilikdə 3500 ədəd evin tikilərək istismara verilməsi nəzərdə tutulur. Kəlbəcər şəhərində tikiləcək evlərə ilkin mərhələdə 2024-cü ildə olmaqla bütövlükdə 5000-dən artıq, kənd və qəsəbələrə isə 8000-ə yaxın, ümumilikdə 13000-ə yaxın insanın köçürülməsi planlaşdırılır.