Prezident İlham Əliyev “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
Ölkənin müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatının daxili istehsal hesabına təmin edilməsi, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunması, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətədavamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, vahid prinsiplər əsasında idarə olunması məqsədilə qərara alınıb ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti yaradılsın.