Berlində Azərbaycan xalçalarının sərgisi keçirilir

2023.09.07 14:26 (UTC+04:00)

Azərbaycanın Almaniyadakı səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının sərgisi təşkil edilib.

Sərgidə qonaqlar üçün əsl Qarabağ xalçasının toxunma prosesi nümayiş olunub. Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb. Qarabağ xalçasının toxunma prosesində iştirak edən hər kəsə “Azərxalça” ASC-nin xüsusi sertifikatı da təqdim olunub. Tədbir çərçivəsində iştirakçılara həmçinin Heydər Əliyev Fondu tərəfindən nəfis tərtibatda və alman dilində hazırlanmış Azərbaycanda xalçaçılıq sənətindən bəhs edən kitablar və bröşürlər paylanılıb, Azərbaycan xalçaçılıq sənətindən, eləcə də ölkəmizin tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub.

Sərginin qapıları sentyabr ayının sonunadək avropalı xalçasevərlər üçün açıq olacaq, sərgi ziyarətçilərinə Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcək.

Tədbirin qısa videosuna bu linkdə baxmaq olar: https://youtu.be/hvUbc_H78-k