Azərbaycan 2027-ci ilədək “yaşıl enerji” güclərinin 3 QVt-dən çoxunun istismara verilməsini planlaşdırır ki, nəticədə ölkəmizin elektrik enerjisi istehsalının gücündə bərpa olunan enerji mənbələrinin payı 37 faizdən çox olacaq. “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Energetika Nazirliyinə istinadən bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov Çində “Ortaq yaşıl gələcək üçün enerji keçidinin birgə təşviqi” devizi altında keçirilən Beynəlxaq Enerji Keçidi Forumunda onlayn formatda iştirak edərkən deyib.
Energetika naziri region və Avropa ölkələrinin enerji təhlükəsizliyində strateji rol oynayan Azərbaycanın emissiyaları azaltmaqla neft-qaz sektorunun inkişafı ilə bərabər sürətli “yaşıl enerji” kursunu həyata keçirdiyini diqqətə çatdırıb: “Hazırda “China Gezhouba Group Overseas Investment” şirkəti də daxil olmaqla beynəlxalq enerji şirkətləri ilə 28 QVt-dən çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik. Bu “yaşıl enerji” güclərinin 2027-ci ilədək 3 QVt-dən çoxunun istismara verilməsi planlaşıdırılır ki, nəticədə ölkəmizin elektrik enerjisi istehsalının gücündə bərpa olunan enerji mənbələrinin payı 37%-dən çox olacaq. Həmçinin 2030-cu ilə daha 5 QVt-lik layihələrin reallaşdırılması planlarımız var”.