Mebel sahəsində yeni standart qəbul edilib

2023.09.06 12:43 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Avropa standartı əsasında AZS EN 1129-1:2023 “Mebel - Qatlanan çarpayılar - Təhlükəsizlik tələbləri və sınaqlar - 1-ci hissə: Təhlükəsizlik tələbləri” dövlət standartı qəbul edilib.

Qurumdan verilən məlumata əsasən, ölkədə mebel sənayesinin inkişafı, bu sahədə istehsal olunan məhsulların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, ixrac məhsullarının çeşidinin və rəqabət qabiliyyətinin artırılması, sahibkarların dəstəklənməsi, istehlakçıların tələb və gözləntilərinin təmin edilməsi üçün mebel sənayesi üzrə müasir standartların qəbul edilməsinə zərurət yaranıb.

Standart məişətdə istifadə olunan qatlanan çarpayıların təhlükəsizliyinə və möhkəmliyinə dair tələbləri müəyyən edir. Həmçinin müvafiq hallarda divar bərkidicilərinin möhkəmliyi tələblərini də əhatə edir.
“Furniture - Foldaway beds - Safety requirements and testing - Part 1: Safety requirements” Avropa standartın autentik tərcüməsi əsasında hazırlanmış AZS EN 1129-1:2023 “Mebel - Qatlanan çarpayılar - Təhlükəsizlik tələbləri və sınaqlar - 1-ci hissə: Təhlükəsizlik tələbləri” dövlət standartının layihəsi Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyinin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ilə rəsmi qaydada razılaşdırılıb.