İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sığorta agenti vergi azadolmalarından yararlana bilərmi?

2023.09.08 09:45 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aiddir.

Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş 226.3.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllənin XIX fəslində müəyyən edilən işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi azadolmaları maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən şəxslərə şamil edilmir.

Qeyd olunanlara əsasən, sığorta agenti maliyyə xidmətlərinə aid olduğundan, bu fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulmuş vergi güzəştləri şamil edilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.14.7-ci və 226.3.1-ci maddələri.