- Azərbaycan və Türkiyənin Avropa İttifaqının (Aİ) enerji siyasətindəki rolunu necə qiymətləndirirsiniz?
- Aİ inkişaf etmiş sənayesi və əhalisi ilə dünyanın ən böyük enerji idxalçılarından biridir. Azərbaycan Avropa İttifaqının ən mühüm neft və qaz təchizatçılarından biri kimi dəyərli iqtisadi tərəfdaşdır.
Digər tərəfdən, Türkiyə Xəzər hövzəsinin, eləcə də Yaxın Şərqin enerji ehtiyatlarının Avropa İttifaqı ölkələrinə tranziti baxımından coğrafi mövqeyinə və siyasi sabitliyinə görə Aİ üçün ən təhlükəsiz alternativdir.
Bu baxımdan, Azərbaycan və Türkiyə iki çox mühüm tərəfdaş kimi Avropa İttifaqının enerji siyasətində həmişə çox dəyərli yer tutacaqlar. Bu münasibətlərin sabitliyi və davamlı diplomatiyanın idarə olunması bütün tərəflər üçün həyati əhəmiyyət kəsb edir.
Azərbaycan Avropa İttifaqının ən mühüm neft və qaz
təchizatçılarından biri kimi dəyərli iqtisadi tərəfdaşdır
- Azərbaycan və Türkiyə bir çox sahələrdə, o cümlədən enerji sektorunda sıx əlaqələrə malikdir. Bu sahədə növbəti layihə Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP oldu. TANAP vasitəsilə Türkiyəyə nə qədər qaz ixrac olunur? Bu və gələcək illər üçün proqnozlar necədir?
- Bildiyiniz kimi, TANAP layihəsi Cənubi Qafqaz Boru Kəmərini və Trans Adriatik Boru Kəmərini birləşdirən və bununla da Azərbaycandan İtaliyaya uzanan təbii qazın nəqli xəttini tamamlayan çox mühüm və nəhəng layihədir. 1811 km-lik layihə Yaxın Şərq və Avropada ən uzun boru kəməridir.
TANAP-ın yaradılmasından indiyədək boru kəməri ilə Azərbaycandan İtaliyaya 50 milyard kubmetrə yaxın təbii qaz ötürülüb. Bu, o deməkdir ki, hər il orta hesabla 10 milyard kubmetr qaz hasil edilir.
TANAP Azərbaycanın Aİ ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişafına töhfə verir. Eyni zamanda bu layihə Azərbaycanı Türkiyənin ikinci ən böyük, Avropa İttifaqının isə yeni qaz tədarükçüsü edir.
- İqlim dəyişikliyi şəraitində Azərbaycan və Türkiyə arasında bərpa olunan enerji sahəsində hansı əməkdaşlıq imkanlarını görürsünüz?
- Bugünkü proqnozlara görə, orta temperatur artımı Türkiyənin şərq bölgələrini və Qafqazı əhatə edəcək, bəzi bölgələrdə ciddi ekoloji, geofiziki və iqlim dəyişiklikləri baş verəcək.
Azərbaycan yüksək riskli regionda yerləşməsə də, günəş enerjisinin artan dəyərlərinə görə bərpa olunan enerji mənbələrinə müraciət etmək düzgün strategiyadır.
Türkiyə uzun illərdir bərpa olunan enerji istehsalına sərmayə qoyur və bu sahədə çox ciddi potensiala sahibdir. Türkiyədə bu sahə ilə bağlı çox ciddi mühəndis-konstruktor heyəti formalaşıb. Ölkədə bərpa olunan enerji obyektlərinin yaradılması üzrə ixtisaslaşan və bu podrat işlərinin idarə edilməsində çox ciddi təcrübəyə malik tikinti şirkətləri var. Bərpa olunan enerjinin maliyyələşdirilməsində ixtisaslaşan və beynəlxalq vəsaitləri bu layihələrə köçürməyin ən sürətli və ən səmərəli yolunu təmin edən maliyyə idarəetmə şirkətləri və satıcılar var.
Beləliklə, Azərbaycan bərpa olunan enerjinin istehsalında tələb olunan gücə daha sürətli, daha səmərəli, qənaətcil və dəqiq şəkildə nail olacaq. Bundan əlavə, bu prosesdə əməkdaşlıq iki ölkənin iqtisadiyyatına çox ciddi töhfə verəcək.
Türkiyə azərbaycanlı iş adamlarına çox mühüm və gəlirli biznes imkanları təklif edir
- Azərbaycanlı iş adamlarının Türkiyə bazarlarına çıxış imkanları, qarşılıqlı investisiya yatırımları ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Azərbaycanlı iş adamları məhsullarını Türkiyəyə satmaq üçün təşəbbüs göstərməli, Türkiyədə biznes imkanlarını araşdırmalıdırlar. Türkiyə azərbaycanlı iş adamlarına çox mühüm və gəlirli biznes imkanları təklif edir.
Türkiyə sənaye müxtəlifliyinə görə dünyada lider dövlətlərdən biridir. Bu, həm də sahibkarlıq üçün böyük imkanlar açır. Türkiyə beynəlxalq ticarətdə olduqca böyük bir bazardır və çox ciddi, geniş biznes şəbəkəsinə malikdir.
Türkiyədə sənaye böyük inkişaf yolu keçib. Bir çox sektorlar üzrə əsas məhsullarla yanaşı, ehtiyat hissələri də istehsal edilir ki, bu da həm istehsal, həm də marketinq sahəsində çalışan iş adamları üçün ciddi iş imkanları yaradır.
Xarici investorlar üçün çox konstruktiv və təşviqedici siyasət həyata keçirilir ki, bu dəstək sayəsində Türkiyədə istehsalla məşğul olmaq və buraya investisiya qoymaq daha sərfəlidir.
Türkiyədə azərbaycanlı iş adamları üçün turizm, qida və içki, daşınmaz əmlak, sürətli istehlak malları, tikinti materialları, tekstil, təmizlik məhsulları və tibbi məhsullar kimi sahələrdə əhəmiyyətli biznes imkanları mövcuddur.
Tamilla MƏMMƏDOVA