Kasım-Jomart Tokayev: “Transxəzər marşrutu ilə yükdaşımaların həcmi 5 dəfə artırıla bilər”

2023.09.01 14:15 (UTC+04:00)

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Qazaxıstanın tranzit potensialının gücləndirilməsində mühüm rol oynayacaq.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə parlamenti palatalarının birgə iclasında çıxış edərkən prezident Kasım-Jomart Tokayev deyib.

Onun sözlərinə görə, ortamüddətli perspektivdə bu dəhliz üzrə yükdaşımaların həcmini 5 dəfə artırmaq olar. Bunun üçün tərəfdaş ölkələrlə - Çin, Azərbaycan, Gürcüstan və Türkiyə ilə səylər birləşdirilməlidir.

“Baxtı keçidində yeni “quru liman”ın tikintisi, Aktauda konteyner qovşağının tikintisinin sürətləndirilməsi, Orta dəhliz boyunca Qara dənizdə liman obyektlərinin genişləndirilməsi planlaşdırılır. Artıq Çinin Sian şəhərində və Gürcüstanın Poti limanında Qazaxıstan terminallarının tikintisinə başlanılıb”, - deyə Kasım-Jomart Tokayev qeyd edib.

Xatırladaq ki, “Orta dəhliz” kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dənizdən keçərək Avropaya qədər uzanır. TBNM Assosiasiyasına 8 ölkədən 20 şirkət daxildir.