Azərbaycanın Ərəb xilafətinə daxil edildiyi ilk illərdə işğal zonalarında həm mülki, həm də hərbi hakimiyyət eyni adama, yəni sərkərdəyə həvalə edildiyinə görə vergiyə nəzarət də həmin şəxsin öhdəsinə düşürdü. Sonrakı illərdə isə başçı (əmir), hakim (qazı) və vergiyığan (amil) vəzifələri başqa-başqa adamlara həvalə olunurdu.
Əməvilərin hakimiyyəti dövründə əsas vergilər xərac və cizyə idi. Cizyə ancaq qeyri-müsəlmanlardan alınırdısa, torpaq vergisi olan xərac həm müsəlmanlardan, həm də başqa dinlərə etiqad edənlərdən alınırdı.
Azərbaycanda İslam dininin yayılması 634-cü ildən, ərəblərin ölkəmizə ilk gəlişindən başlayıb. Həmin dövrdə daha çox sənətkarlar və tacirlər müsəlman olurdular, çünki onlar gəlirlərindən cizyə vermək istəmirdilər. Bundan əlavə, həm tacirlərin, həm də sənətkarların fəaliyyəti üçün geniş imkanlar yaradılırdı və onlara müxtəlif güzəştlər nəzərdə tutulurdu.
Sonralar tədricən əhalinin böyük əksəriyyəti islamı qəbul etdi və onlar cizyədən başqa, digər vergiləri də ödəyirdilər. Əsas vergi isə torpaq vergisi, yəni xərac idi.
Bəs Ərəb xilafətinə daxil olan ərazilərdə torpaqlar kimin ixtiyarında idi?
Münbit tomaqların çox hissəsi xəlifə və sultana məxsus idi. Məmurların mülklərinin müsadirə edilməsi hesabına və satınalma yolu ilə tədricən artan bu torpaqlar yüksək gəlir gətirirdi.
Yerli feodal əyanlarının ixtiyarında olan torpaqlar mülk torpaqları adlanırdı. Bu torpaqların sahibləri daha çox vergi ödəyirdilər və torpaqlarından keçən kanalların bərpasına da əlavə xərc çəkirdilər. Mülk torpaqlarını alıb satmaq, özgəyə bağışlamaq, irsən övlada vermək mümkün idi. Belə torpaqların sahibləri hərbi xidmətdən azad edilirdilər.
Məmurlara və ya dövlətə xüsusi xidmət göstərmiş şəxslərə müvəqqəti, yaxud ömürlük istifadə üçün verilmiş torpaqlar iqta torpaqları (iqta - kəsilib ayrılma, pay deməkdir) adlanırdı. Mülki iqta daha çox yayılmışdı və məmurlara tutduğu vəzifəyə görə verilirdi. Şəxs vəzifədən kənar ediləndə torpaq payı ondan alınır və yeni vəzifəyə keçən həmin torpağa yiyələnirdi.
İqta şəklində torpaqlar sonrakı dövrlərdə də verilirdi və bəzən bu söz əvəzinə monqol dilində "incu", türk dilində "tiyul" sözləri işlədilirdi.
Bəzi torpaqlar dini təsisatların ixtiyarına verilirdi və belə torpaqlara vəqf torpaqları deyilirdi.
Bunlardan əlavə, kənd sakinlərinə məxsus icma torpaqları otlaqları, örüş yerlərini, yandırmaq üçün odun yığılan bəzi meşələri, qəbiristanları və sair əhatə edirdi.
Xilafət dövründə hər bir həyətdən ayrıca vergi alınırdı və buna bac deyirdilər. Bac - 4 dirhəm pul, təqribən 3,5 kq (3 modi) xəlbirlənmiş buğda, kisə, sicim və bir cüt əlcəkdən ibarət olurdu.
Şəhər qapılarının yanında gətirilən və aparılan mallara görə alınan rüsumlar da bac adlanırdı. Nizamı Gəncəvi də "Xosrov və Şirin" poemasında vergilərin bac və xərac növlərinin adını çəkib. Nizaminin əsərlərində hökmdarların bəzi vergilərin alınmaması barədə göstərişləri isə daha çox müəyyən dövr üçün əhalinin vəziyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilən vergi güzəşti kimi anlaşılır.
Ərəb xilafəti dövründə mülkiyyətdən və əmlakdan xüms alınırdı və bu, gəlirin beşdə birinə bərabər idi. Yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan vergi zəkat adlanırdı.
Xüms həm pul formasında, həm də natura formasında ola bilərdi. Qazanılan mənfəətdən, mədənlərdən, xəzinələrdən, halal malın harama qarışığından, dəniz dibindən çıxarılan daş-qaşdan, müharibədə əldə edilən qənimətdən, qeyri-müsəlmanın müsəlmandan satın aldığı torpaqdan xüms ödənməliydi.
"Quranı-Kərim"in "Nur" adlanan 24-cü surəsinin 56-ci ayəsində deyilir: "Namaz qılın, zəkat verin, peyğəmbərə itaət edin ki, sizə mərhəmət edilsin".
"Əl-Bəqərə", "Nisa", "Tövbə" surələrində də zəkat verməyin vacibliyi barədə ayələr var. "Tövbə" surəsinin 60-cı ayəsində göstərilib ki, zəkat yoxsullar və zəkat toplayan məmurlar üçün yığılır. Lakın zəkat varlı müsəlmanın kasıb müsəlmana verdiyi ianə, sədəqə hesab edilməməlidir. Əslində zəkat şəriət qanunu ilə əmlak və gəlir üzərində qoyulan vergi növüdür.
Quranın “Əz-zariat” (sovurub dağıdan küləklər) surəsinin 19-cu ayəsində deyilir: “Möminlərin mallarında dilənçinin və yoxsulun haqqı (payı) var”.
Deməli, hər bir varlı adam kasıbın bu haqqını, yəni payını ödəməlidir. Zəkatı ödənməyən hər bir mal halal olmur, qəsb edilmiş sərvət kimidir. Təsadüfi deyil ki, ərəb dilində "zeyn" hərfi ilə başlayan "zəka" sözü "təmizlənmə", "saflaşma" deməkdir və "zəkat" da bu sözdən alınıb. Qeyd edək ki, ərəbcədən dilimizə keçmiş və "ağıl", "dərketmə qabiliyyəti" mənası verən "zəka" sözühün ilk hərfi "zəl"dir.
Müxtəlif dövrlərdə yaşayan görkəmli mütəfəkkirlər də zəkatın ödənməsinin əhəmiyyətini öz əsərlərində göstəriblər.
Zəkat toplamaq üçün zəkat məmurları ayrılırdı. İslam dininə görə zəngin sayılan hər bir müsəlmanın ildə bir dəfə malının qırxda bir hissəsini kasıblara verməsi borc hesab edilirdi. Zəkatın ödənməsi qaydaları indiyə qədər qorunub saxlanıb.
Məsələn, qoyun və keçi üçün zəkatın miqdarı aşağıdakı kimi nəzərdə tutulub:
Qoyun və keçinin sayı 40-dan 120-yə qədər olduqda 1 ədəd, 121-dən 200-ə qədər olduqda 2 ədəd, 201-dən 399-a qədər olduqda 3 ədəd, 400-dən 499-a qədər olduqda 4 ədəd, 500-dən 599-a qədər olduqda 5 ədəd qoyun və ya keçi ödənməliydi.
Qaramal və dəvə üçün zəkatın miqdarı da heyvanların sayına görə müəyyən edilirdi. Qaramalın sayı 30-dan 39-a qədər olduqda 1 yaşında dana, 40-dan 59-a qədər olduqda 2 yaşında dana, 60-dan 69-a qədər olduqda 1 yaşında 2 dana, 70-dən 79-a qədər olduqda 1 yaşında 1 və 2 yaşında 1 dana, 80-dən 89-a qədər olduqda 2 yaşında 2 dana, 90-dan 99-a qədər olduqda 1 yaşında 3 dana, 100-dən 119-a qədər olduqda 1 yaşında 2 və 2 yaşında 1 dana və s. verilməliydi.
Dəvələrin sayı 5-dən 9-a qədər olduqda 1 qoyun və ya keçi, 10-dan 14-ə qədər olduqda 2 qoyun və ya keçi, 15-dən 19-a qədər olduqda 3 qoyun və ya keçi, 20-dən 24-ə qədər olduqda 4 qoyun və ya keçi, 25-dən 35-ə qədər olduqda 2 yaşında dişi dəvə, 36-dan 60-a qədər olduqda 4 yaşında dişi dəvə, 61-dən 75-ə qədər olduqda 5 yaşında dişi dəvə və s. alınırdı.
Bunlardan əlavə, Ərəb xilafəti dövründə məhsulun onda birinə bərabər üşr vergisi, orucluğun başa çatması ilə əlaqədar fitrə (bu "zəkat əl-fitr" adlanırdı) də ödənməliydı. Hər bir az-çox imkanı olan şəxs yoxsullara sədəqə də verirdi, lakin bu, məcburi hesab olunmurdu.
Azərbaycan ərazisi Ərəb xilafətinə daxil edildikdə yerli əhaliyə müəyyən güzəştlər də nəzərdə tutulmuşdu. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" tarixi əsərində yazdığına görə, ərəb qoşunları Şirvan vilayətinə yaxınlaşanda vilayətin hökmdarı Şəhriyar onlara tabe oldu və xahiş elədi ki, vergi tələb etməsinlər, amma əsgərlərin saxlanma xərcini verməyə hazırdır. Bu təklifi xəlifə Ömərə çatdırıblar, o da bununla razılaşıb və Şirvandan xərac alınmayıb.
Yaxud Naxçıvan əhalisi ilə bağlanmış sülh müqaviləsinə görə bu şəhəri tutmuş ərəb sərkərdəsi Həbib ibn Məsləmə sakinlərin həyatına zamin olur, onların əmlakının toxunulmazlığına təminat verirdi, əvəzində isə müəyyən edilmiş məbləğdə verginin vaxtlı-vaxtında ödənilməsi tələb olunurdu. Oxşar şərtlərin başqa şəhərlərin təslim edilməsində də qəbul edildiyi məlumdur. Bu halda əhalı tamamilə var-yoxdan çıxarılmırdı. Digər tərəfdən, Ərəb xilafətinin ilk illərində vergilərin məbləği də əvvəlki dövrlərə nisbətən az idi.
Kəndlilər üçün də vergi güzəştləri nəzərdə tutulmuşdu. Ömrü boyu vergi verməyənlər (bunlara Azərbaycanda "qədimi" deyirdilər) və müəyyən xidmətlərinə görə vergidən azad olunanlar (bunlara "məaf" deyirdilər) bir-birindən fərqləndirilirdilər.
VIII əsrin ortalarında Abbasilərin hakimiyyətə gəlməsi ilə vergi yükü xeyli ağırlaşdı. Bu zaman vergilərin az hissəsi natura ilə ödənilirdi, pul ödənişlərinin məbləği isə artırılmışdı. Tarixi araşdırmalar göstərir ki, ikinci Abbasi xəlifəsi Əbu Cəfər əl-Mənsurun dövründə vergi sistemi əsl qarət şəklini alıb. O dövrdəki yazılardan birində deyllirdi:
"Əl-Mənsur zorakılıq və sıxışdırmaqla hamını əldən salmış, hətta ölülərdən də vergi tələb etməklə əhalini dilənçi kökünə çatdırmışdı. Əjdahanın ağzını yummaq üçün ona at və qatırlar, paltarlar, qızıl və gümüş gətirirdilər".
Xəlifə Əl-Mənsurun dövründə Azərbaycanda neft və duz üçün ayrıca vergilər alınırdı. IX əsrdə yaşamış ərəb tarixçisi Əhməd Bəlazurinin məlumatına görə, Əl-Mənsurun hakimiyyəti dövründə Aran və Şirvan hökmdarı Yəzid ibn Usayd öz vergiyığanlarını "Şirvanda neft və duz çıxaranların yanına göndərmişdi ki, onlardan vergi tutsunlar, sonra isə o bunu xüsusi toplayıcılara tapşırmışdı".
Mənbə: Akif Musayev, Aslan Qəhrəmanov, “Vergi mədəniyyəti” kitabı