Avropa Parlamenti Yaponiya ilə ticarət sazişini qəbul edib

2018.12.19 12:38 (UTC+04:00)

Avropa İttifaqı () ilə Yaponiya hökuməti arasında bu ilin iyul ayında imzalanmış ticarət sazişi Avropa Parlamentinin Strasburqda toplanmış Baş Assambleyası tərəfindən təsdiq edilmişdir. Yaponiyanın təsdiq prosesini başa çatdırdığı sazişin dekabrın 21-də Avropa Şurasından da təsdiq alması və gələn il fevral ayının 1-dən qüvvəyə minməsi gözlənilir. Yaponiyanın Baş naziri Şinzo Abe, Avropa Şurasının sədri Donald Task və Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker iyul ayında Tokioda keçirilmiş Aİ-Yaponiya zirvə görüşü çərçivəsində "İqtisadi tərəfdaşlıq sazişi"ni və "Strateji tərəfdaşlıq sazişi"ni imzalamışdılar.

Qeyd edək ki, Aİ ilə Yaponiya arasında sərbəst ticarət sazişi ilə bağlı müzakirələr dörd il davam etdikdən sonra 2017-ci ilin dekabr ayında başa çatdırılmışdı. Ticarət sazişinin tələblərinə əsasən, şirkətlərin qarşılıqlı olaraq ödədikləri gömrük vergilərinin böyük bir hissəsi ləğv ediləcək. Tərəflər bir-birinin coğrafi "nişanına" aid məhsulların mühafizəsini təmin edəcək. Kənd təsərrüfatı, maliyyə xidmətləri, elektron ticarət, rabitə və nəqliyyat sahələrində fəaliyyət göstərən şirkətlərin qarşılıqlı bazarlara giriş imkanları genişləndiriləcək.