İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə birdəfəlik müavinətin təyinatına başlanıb

2023.08.30 12:53 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, birdəfəlik müavinət elektron sistem üzərindən proaktv qaydada, yəni həmin işçilərin müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan həyata keçirilir.

Əmək Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərdə əmək müqaviləsi əsasında işləyən işçilər aiddir.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə birdəfəlik müavinət verilməsi ilə yanaşı, onların aylıq vəzifə maaşlarına əlavələr hesablanması və onlara hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub.