Bağlanan müəssisənin ƏDV qeydiyyatının ləğvi zamanı ƏDV öhdəliyi yaranırmı?

2023.08.30 11:00 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən, vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın (o cümlədən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə) vaxtı ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) vergi tutulan əməliyyatın aparıldığı vaxt sayılır.

Qeyd olunanlara əsasən, əvvəlki dövrlər üzrə təqdim edilən, lakin dəyəri ödənilməyən mallar üzrə yaranan debitor borclar müəssisə ləğv edilən zaman malların təqdim olunması kimi qiymətləndirilir və ƏDV öhdəliyi yaranır.

Əsas: Vergi Məcəlləsinin 159.6-cı və 166.3-cü maddələri