2-22 oktyabr tarixlərində arıçılıq məhsullarının 23-cü Respublika sərgi-satış yarmarkası keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metrostansiyasının yaxınlığı) baş tutacaq.
Qeydiyyat prosesi bal.kendden.az saytı vasitəsilə onlayn qaydada həyata keçiriləcək. Yarmarkada iştirak etmək istəyən arıçılar 28 avqust saat 08:00-dan 1 sentyabr saat 20:00-dək qeydiyyatdan keçməlidirlər.
İştirakı təsdiqlənmiş arıçılara 7 sentyabr tarixində SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək.
Bu il təşkil olunan bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçən maksimum 250 arıçı iştirak edəcək. Yarmarkaya 2023-cü il avqustun 25-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edən və minimum 40 arı ailəsi olan fermerlər müraciət edə bilərlər. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.
Bal nümunələrinin qəbulu 11-17 sentyabr tarixləri arasında baş tutacaq. Bal məhsullarının qəbulu zamanı arıçı fermer şəxsiyyətini təsdiq edən sənəd və gətirmiş olduğu məhsula müvafiq olaraq baytarlıq şəhadətnaməsi təqdim etməlidir. Yarmarkada iştirak haqqı 150 manat təşkil edir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın marketinq işlərinin aparılması, logistika, anbar işinin təşkili və digər xidmətlər daxildir. Ödənişlər yalnız nağdsız qaydada qəbul olunacaq.
Bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət yoxlanışı üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə nümunələr götürüləcək. Analiz üçün götürülən nümunələrin nəticələri mütəmadi olaraq təşkilat komitəsinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyəcək.