Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 15 faizdən çox artıb

2023.08.25 14:55 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətdə 15,4 faiz artaraq 847 951,1 min ABŞ dolları təşkil edib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Gürcüstan Milli Statistika İdarəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 7 ayında Gürcüstandan Azərbaycana 485 342,2 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 38,1 faiz üstələyir. Hesabat dövründə Azərbaycandan Gürcüstana idxal isə 5,4 faiz azalaraq 362 608,9 min dollar olub.

Hesabat dövründə Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycanla ticarətin payı 7 faiz təşkil edib.

2023-cü ilin yanvar-iyul ayları üzrə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində ilk on ticarət tərəfdaşının payı 68,8 faiz təşkil edib. Azərbaycan bu siyahıda Türkiyə (1 687 848,2 min dollar), Rusiya (1 503 723,3 min dollar), ABŞ (1 023 142,1 min dollar) və Çindən (944 325,6 min dollar) sonra beşinci yerdə qərarlaşıb.