İsmayıl Orucov: “Fındıq ixracında əsas rəqabət Avropa bazarı daxilindədir” MÜSAHİBƏ

2023.08.23 11:04 (UTC+04:00)

- Artıq yeni mövsüm üçün fındıq yığımına başlanılıb. Bu mövsümdə məhsuldarlıq necədir?

- Dəqiq göstəricilər yığım mövsümünün sonunda bilinəcək. Amma bu il Azərbaycanda, ən azı, 60-70 min ton qabıqlı fındığın yığılması gözlənilir. Bu da emal prosesindən sonra 21-23 min ton fındıq ləpəsinin olacağı deməkdir. Yaz aylarında havanın çox sərin, bir çox dağlıq rayonlarda soyuq keçməsi bioloji yetişmə fazasına çatmamış məhsulu zədələdi. Əslində, bu il məhsul istehsalında artım olmalı idi, amma qeyd edilən səbəbdən böyük bir artım gözlənilmir. Məhsul istehsalının ötənilki qədər olacağı proqnozlaşdırılır.

- Havaların sərin keçməsi məhsulun keyfiyyətində də problem yaradıbmı?

- Havaların sərin keçməsi fındığın keyfiyyətinə o qədər də təsir etməyib. Amma rütubətli hava məhsulların tərkibində aflatoksin xəstəliyinin yaranma ehtimalını artırır. Biz buna indi dəqiq qiymət verə bilmərik. Xəstəliyin yaranıb-yaranmadığı emal prosesindən sonra bioloji laboratoriyaların apardığı analizlər nəticəsində müəyyən olunacaq. Ümid edirəm ki, soyuq hava şəraiti fındıqların keyfiyyətinə çox az təsir edər, amma böyük ehtimal da var ki, bu proses təsirsiz ötüşməyəcək, məhsulda bioloji xəstəliklərdən əziyyət çəkəcəyik.

- Keçən mövsümdə fındığın qiymətində bir qədər ucuzlaşma oldu. Bu il məhsulun bazar qiymətinin necə olması gözlənilir?

- Məhsulun bazar qiyməti çox volatildir. Azərbaycan üçün ən böyük ixrac bazarı Rusiya, İtaliya, Almaniya və Fransadır. Rusiyada son vaxtlar rublun dollara nisbətdə dəyərdən düşməsi ixrac zamanı məhsulun qiymətinə çox təsir edəcək. Eyni zamanda, Türkiyə tərəfindən fındığın 1 kiloqramının qiymətinin 84 lirə olduğu açıqlanmışdı.

Azərbaycan üçün ən böyük ixrac bazarı Rusiya, İtaliya, Almaniya və Fransadır

Amma bu gün biz Türkiyə fındığının Avropa bazarına daha ucuz qiymətə satıldığını görürük, çünki Türkiyə açıqlasa belə, alıcılar fındığı o qiymətə almırlar, nə zaman o qiymətə alacaqlarının da tarixi bəlli deyil. Buna görə də hazırda fındıq dövlət tərəfindən açıqlanan qiymətdən 10-12 lirə daha ucuz satılır. İki həftə əvvəl Avropada Türkiyə malının fyuçers müqavilələri üzrə qiymətləri 5,6-5,8 dollar idisə, bu həftənin fyuçersləri 5,55-5,70 dollara enib. Hər kəs gözləyirdi ki, qiymət yüksələcək, amma, əfsuslar olsun ki, Türkiyə fındığının qiymətinin dünya bazarında enməsi müşahidə edilir. Ona görə biz də məcburuq ki, həmin qiymətlərə uyğunlaşaq.

- Azərbaycan 2021-ci ilə kimi fındıq istehsalı və ixracına görə dünyada 3-cü yerdə idi. Bəs ölkəmizin bu mövsümdə həmin sıralamadakı mövqeyi necədir?

- Bu sıralamada ilk yerdə Türkiyə, 2-ci yerdə İtaliya, 3-cü yerdə Azərbaycan idi. Amma son illərdə Çili və ABŞ kütləvi şəkildə fındıq bağlarının salınması nəticəsində böyük məhsuldarlıq əldə edirlər. Buna görə də fındıq istehsalı və ixracına görə 3-cü yerdə Çili, 4-cü yerdə ABŞ, 5-ci yerdə Azərbaycan, 6-cı yerdə Gürcüstan dayanır.

Son illərdə Çili və ABŞ kütləvi şəkildə fındıq bağlarının salınması nəticəsində
böyük məhsuldarlıq əldə edirlər. Buna görə də fındıq istehsalı və ixracına görə
3-cü yerdə Çili, 4-cü yerdə ABŞ, 5-ci yerdə Azərbaycan, 6-cı yerdə Gürcüstan dayanır

Xüsusilə qeyd edim ki, Çili və ABŞ-da fındıq bağlarının artımı davam etməkdədir. Yaxın zamanda bu iki dövlət hətta İtaliyanı ötərək 2-ci yer uğrunda rəqabət aparacaq.

- Azərbaycanda fındıq bağlarının salınmasına maraq necədir?

- Əslində, ölkədə fındıq bağlarının sayı artıb. Statistik açıqlamalara görə, Azərbaycanda təxminən 80 min hektar fındıq bağı salınıb. Bunun bir çoxu köhnə üsulla salınmış bağlardır. Əfsuslar ki, intensiv bağların sayı azdır. Köhnədən salınmış bağlarda keçmiş aqrotexniki qaydalar olduğundan, məhsuldarlığın artmasına sovet təfəkkürü ilə yanaşıldığından, ortalama məhsuldarlıq, xüsusilə də şimal-qərb rayonlarında, hər hektar üçün 1 tondur. Şimal rayonlarında məhsuldarlıq bir az daha çoxdur. Çünki əkin sistemi fərqlidir. Amma əkin statistikası ilə baxılarsa, respublika üzrə hər hektar üçün ortalama məhsuldarlıq 800-900 kq-dır. Bu, çox azdır.

- İxracatçı ölkələr üçün Avropa Birliyi tərəfindən xüsusi gömrük güzəştlərinin tətbiq edilməsi, Azərbaycan üçün isə belə bir güzəştin olmaması ixracla bağlı müəyyən problemlərin yaranmasına səbəb olurdu. Azərbaycan üçün ixrac zamanı yüksək gömrük rüsumlarının tətbiqi hələ də qüvvədədir?

- Bu problem hələ də var. Əfsuslar olsun ki, Avropa Azərbaycan üçün kənd təsərrüfatı və qida sektorunda da ikili standartlar tətbiq edir, müəyyən ağır şərtlər irəli sürür. Bunlardan biri Avropa Birliyinə ixrac zamanı Azərbaycan məhsullarına 3,2-11,8 faiz gömrük rüsumunun tətbiq edilməsidir. Xatırladım ki, natural məhsula 3,2 faiz, emal edilmiş, yəni qovrulmuş, doğranmış fındığa 11,8 faiz gömrük rüsumu tətbiq edilir. Azərbaycanın rəqibləri isə həmin məhsulları sıfır dərəcə rüsumla ixrac edirlər. Ona görə də biz qiyməti endirməyə məcbur oluruq. Biz rüsumun tətbiqindən sonra qiymətlərimizin Türkiyə və Gürcüstanın qiymətlərindən baha olmaması üçün çalışırıq. Əks halda, qarşı tərəfin Azərbaycandan mal almağa heç bir marağı olmaz. Nə qədər keyfiyyətli məhsul olsa belə, qarşı tərəf fındıq istehsalında lider olan Türkiyənin qiymətlərinə əsaslanır. Təəssüf ki, həmin gömrük rüsumları hələ də Azərbaycan üçün tətbiq olunur. Bu isə ixracımıza çox böyük maneə yaradır.

- Bu il ərzində yeni ixrac istiqamətləri açıla bilər?

- Nəzərə almalıyıq ki, dünyanın 80 faiz fındıq məmulatı Avropa Birliyindəki ölkələr tərəfindən emal edilir, sonra digər ölkələr tərəfindən istehlak olunur. Ona görə də digər bazarlar məqsədəuyğun deyil.

Dünyanın 80 faiz fındıq məmulatı Avropa Birliyindəki ölkələr tərəfindən emal edilir, sonra
digər ölkələr tərəfindən istehlak olunur. Ona görə də digər bazarlar məqsədəuyğun deyil

126 milyon əhalisi olan Yaponiya cəmi 1000-1200 ton fındıq ləpəsi idxal edir. 1,5 milyard əhalisi olan Hindistan 20 ton, Mərakeş ildə 40 ton fındıq ləpəsi idxal edir. Bunlar çox cüzi rəqəmlər olduğu üçün digər bazarları axtarmaq məqsədəuyğun deyil. Biz əsasən Avropa bazarlarına fokuslanırıq, çalışırıq ki, orada həm ixrac limitimizi saxlaya bilək, həm də Avropa daxilində satışlarımızı artıraq. Bizim üçün əsas rəqabət Avropa bazarı daxilindədir.

- Fındığın son məhsulunu kiçik qablaşdırmada ixrac edə bilməməyimiz, fındığı yalnız natural formada sata bilməyimiz böyük xarici bazarlara çıxa bilməyimizə maneə yaradırdı. Bu il bu problem həllini tapıb?

- Biz həqiqətən də qablaşdırılmış fındığı, hətta fındıq məhsulu istifadə olunan digər şirniyyatları da ixrac edə bilmirik. Onlar üçün Avropada gömrük rüsumu tətbiq olunur. Bu da qiymət balansının pozulmasına gətirib çıxarır. Misal üçün, Türkiyənin bir peçenyesi Avropaya sıfır faizlik gömrük rüsumu ilə ixrac edilir, amma Azərbaycanın eyni tərkibli peçenyesi üçün 11,8 faiz gömrük rüsumu tətbiq edilir, bu da böyük rəqəmdir. Rəqabətqabiliyyətli qiymət yaranmadığı üçün biz yenə də natural fındığın üzərində ixracına üstünlük verəcəyik.

- Azərbaycanda fındıq qabığından alternativ enerjinin əldə edilməsi üçün istifadə edilir?

- Son zamanlar Azərbaycan daxilində fındıq qabığından kömür istehsalı üçün istifadə olunur. Artıq bazarda belə məhsulların satışını görə bilərsiniz, fındıq qabığından alternativ yanacaq kimi istifadə halları artmaqdadır. Eyni zamanda, fındıq qabıqlarının bir qismi Türkiyəyə ixrac edilir. Türkiyədə İraq, Suriya qaçqınlarının yaşadığı düşərgələrdə fındıq qabıqlarından yanacaq kimi istifadə olunur. Şübhə etmirəm ki, yaxın gələcəkdə ixrac dayanacaq, fındıq qabığı kömürə çevrilərək yalnız ölkə daxilində satılacaq. Bu da Azərbaycanda meşələrin qorunmasına öz töhfəsini verəcək.

İlhamə İSABALAYEVA