Bakıda keçirilmiş III Milli Mühasiblər Forumunun son panel iclası qanunvericilikdə edilmiş dəyişikliklərin mühasibat uçotuna təsiri, vergi sahəsində aparılan islahatlar, eləcə də əməkhaqqı və ona bərabər tutulan ödəmələrin tənzimlənməsində yararanmış uyğunsuzluqlara həsr edilib.
Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov çıxışında vergi islahatlarının nəticələrinin qiymətləndirilməsindən danışıb. Bildirib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədi mütərəqqi, mükəmməl və beynəlxalq standartlara cavab verən vergi sisteminin formalaşdırılmasıdır. Bu dəyişikliklərin əksər hissəsi həm də beynəlxaq qanunvericiliklə uzlaşır: "İkinci məsələ, innovasiya yönümlü iqtisadiyyatın inkişafını təmin edən və qeyri-neft sektorunun ixrac potensialını gücləndirən vergi siyasətinə üstünlük verilməsidir. Son illərdə ölkədə aparılan iqtisadi islahatların başlıca qayələrindən biri qeyri-neft sektorunda ixracın stimullaşdırılması, ixracın təşviqi sənədlərinin verilməsidir. Təbii ki, vergi siyasəti də bununla uzlaşmalıdır. Əsas məsələlərdən biri də vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin qurulmasıdır. Məqsəd bütün münasibətlərin şaquli çərçivədən üfüqi çərçivəyə salınması ilə yanaşı, vergi ödəmək vərdişinin cəmiyyətin normasına çevrilməsinə, vergilərin könüllü ödənilməsinə nail olmaqdır".
Şəffaflığın təmin olunması çərçivəsində görülən işlərə toxunan N.Şirinov dəyişikliklərdən biri kimi səyyar vergi yoxlamalarının sayının kəskin şəkildə azaldılmasını qeyd edib. Ötən ilin vergi ödəyiciləri üçün keçid ili elan edildiyini xatırladan nazirlik rəsmisi bunun vergi ödəyiciləri ilə vergi orqanları arasında təmasın üfüqi çərçivəyə salınması ilə uçotun dürüstləşməsi, bərpası məqsədi daşıdığını deyib: "Söhbət, ilk növbədə, mühasibat uçotunun bərpasından gedir. Buna görə də həm ötən il, həm də bu ilin 5 ayında səyyar vergi yoxlamalarının sayı əvvəlki illərlə müqayisədə üç dəfədən çox azalıb. Buna baxmayaraq, bir yoxlamaya düşən səyyar vergi yoxlaması üzrə hesablanan məbləğlər 3,5 dəfə artıb".
Məqsəd bütün münasibətlərin şaquli çərçivədən üfüqi çərçivəyə salınması ilə yanaşı,
vergi ödəmək vərdişinin cəmiyyətin normasına çevrilməsinə,
vergilərin könüllü ödənilməsinə nail olmaqdır
N.Şirinov çıxışında vergi daxilolmaları barədə bəzi statistik məlumatları da açıqlayıb. Bildirib ki, ötən ilin 5 ayı ilə müqayisədə bu ilin ilk 5 ayında vergi daxilolmalarında 8,3 faiz artım olub. Qeyri-dövlət sektoru üzrə vergi daxilolamalarında 10 faiz, qeyri-neft- qaz sektoru üzrə 16,1 faiz, qeyri-neft qaz sektorunun özəl bölməsində 17,6 faiz artım olub. Regionlardan vergi daxilolmaları isə 8,6 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 5 ayında məcburi dövlət sosial sığorta yığımları 18,2 faiz, işsizklikdən sığorta məbləğləri isə 72,8 faiz artıb.
Dövriyyələrin "ağarmasının" Vergilər Nazirliyi üçün prioritet olduğunu vurğulayan N.Şirinovun sözlərinə görə, ötən ilin 4 ayı ilə müqayisədə 2019-cu ilin ilk 4 ayında qeyri-neft sektorunda dövriyyələr 6,3 faiz "ağarıb". E-qaimə üzrə rəsmiləşdirilən dövriyyələr isə təxminən 10 faizdən çox artaraq 16,8 faiz təşkil edib. Topdan ticarət üzrə dövriyyələrdə 16, 7 faiz artım baş verib. E-qaimə-faktura ilə rəsmiləşən topdan ticarət isə 42,5 faiz artıb. İstehsal üzrə cəmi dövriyyələr 13,5 faiz, istehsalda e-qaimə-faktura üzrə rəsmiləşən dövriyyə isə 30 faizə yaxın yüksəlib. Pərakəndə ticarət üzrə dövriyyələrin artımı 37,4 faiz təşkil edib. Pərakəndə ticarətin əldə etdiyi e-qaimələr isə bundan 2 dəfədən çox – 71,3 faiz artıb: "Eyni mənzərə iaşə üzrə dövriyyədə də müşahidə edilib. Burada 19,8 faizlik artım olduğu halda, iaşə sektorunda mal, iş və xidmətlərin e-qaimə-faktura ilə əldə edilməsi səviyyəsi 43,3 faiz artıb. Burada da 2 dəfədən çox artım olub".
Departament direktoru alkoqollu içkilər və tütün məmulatları üzrə göstəriciləri də açıqlayıb. Bildirib ki, alkoqollu içkilər üzrə istehsalın həcmi ötən ilin 4 ayı ilə müqayisədə bu ilin 4 ayında 12,1 faiz, alkoqollu içkilər üzrə dövriyyə 62,2 faiz, onların satışında e-qaimə-faktura üzrə rəsmiləşən dövriyyə isə 2 dəfədən çox artıb. Tütün məmulatları istehsalının həcmi 2,7 dəfə, dövriyyə 8,4 dəfə, e-qaimə ilə rəsmiləşən dövriyyə isə 9,1 dəfə artıb.
Fərqanə ALLAHVERDİQIZI