“Azərbaycan Çini strateji tərəfdaş hesab edir”. Bunu Çinin "Feniks TV" telekanalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
İqtisadi əməkdaşlığa toxunaraq E.Əmirbəyov qeyd edib ki, iki ölkənin liderləri iqtisadi və ticarət əlaqələrimizin şaxələndirilməsi üçün daha çox iş görülməli olduğu, hökumət üzvləri, liderlər və parlamentlər səviyyəsində müntəzəm təmasların davam etdirilməsinə dair razılığa gəliblər.
"Çin Azərbaycanı yeni cəlbedici turizm məkanı hesab etsə, biz çox şad olardıq. Ona görə də razılaşdıq ki, iki ölkə arasında birbaşa aviareyslər tezliklə bərpa olunsun. Bu, insanlar arasında əlaqələri də gücləndirəcək", — o əlavə edib.
Prezidentin nümayəndəsi vurğulayıb ki, Azərbaycan ənənəvi enerji resursları, neft və qaz tədarükçüsü kimi tanınır, eyni zamanda Avropa qitəsində enerji təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynayır.
“Azərbaycan coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında əlaqələrin təmin edilməsində rol oynayıb. Ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin təmin edilməsində çox fəal olub, həmçinin Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu inşa edib. Bu, Orta Dəhliz adlanan layihənin həyata keçirilməsi üçün böyük ölçüdə istifadə oluna bilən və Azərbaycanın tam dəstəklədiyi "Bir kəmər - bir yol" təşəbbüsü ilə uyğunlaşdırılan infrastrukturdur", — deyə o qeyd edib.