Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Alman-Azərbaycan Xarici Ticarət Palatasının nəşr etdirdiyi Azərbaycanın 2019-cu il üzrə Aİ Biznes Mühiti Hesabatı iyunun 13-də Bakıda keçirilən V Azərbaycan-Avropa İttifaqı biznes forumunda təqdim edilib.
Forumda Azərbaycanda son iqtisadi yeniliklər, imkanlar və çətinliklər müzakirə edilib. Həmçinin mövcud iqtisadi vəziyyətlə yanaşı, ölkədəki biznes və investisiya mühiti barədə respublikamızda fəaliyyət göstərən Aİ şirkətlərinin fikirlərini əks etdirən illik biznes mühiti hesabatının nəticələrinə əsaslanan sənədin əsas məqamları təqdim olunub. Tədqiqat vergi və gömrük sistemində, eləcə də təhsil və maliyyə sahələrində islahatların gücləndirilməsinin və yeni islahatların həyata keçirilməsinin vacibliyini vurğulayır. Bundan başqa, hesabatda sahibkarlar arasında məlumatlılıq səviyyəsini artırmaq və strateji yol xəritələrinin uğurlu şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə dövlət-özəl sektor dialoqunun gücləndirilməsinin əhəmiyyəti qeyd olunur.
Vergilər naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədrinin müavini İsmayıl Hüseynov, Ədliyyə nazirinin müavini Toğrul Musayev və Təhsil nazirinin müavini İdris İsayev tədqiqata dair müzakirələrdə iştirak edib və hesabatın nəticələri ilə bağlı öz fikirlərini bölüşüblər, təmsil etdikləri sektorlarda mövcud olan çətinliklərin aradan qaldırması məqsədilə davam etdirilən islahat tədbirləri barədə ətraflı məlumat veriblər, dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsini dəstəklədiklərini bildiriblər.