Saken Mukan: “Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əlaqələr çox dinamik inkişaf edir”

2023.08.14 17:50 (UTC+04:00)

Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələr çox dinamik inkişaf edir. Bu sözləri “Azərbaycan İqtisadiyyatı” "Telegram" kanalına qazaxıstanlı politoloq, Qazaxıstan Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin professoru Saken Mukan deyib.

O qeyd edib ki, Nursultan Nazarbayev və Heydər Əliyev dövründə əsası qoyulmuş Azərbaycan-Qazaxıstan əməkdaşlığı bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edir.

"Hesab edirəm ki, Qazaxıstan karbohidrogenlərinin Avropa bazarına nəqli üçün Azərbaycanın tranzit potensialından maksimum yararlanmaq və bu istiqamətdə əlaqələri inkişaf etdirmək lazımdır”, — deyə ekspert əlavə edib.

Azərbaycan və Qazaxıstan zəngin mədəni, qastronomik, tarixi, müalicəvi turizm ənənələrinə malikdir və hər iki ölkədə kifayət qədər YUNESKO tərəfindən mədəni irs kimi tanınan obyektlər vardır. S.Mukanın sözlərinə görə, ölkələrimizin dərin tarixi irsi turistləri cəlb etməyə imkan verir: “Hər iki ölkə turizm sahəsində bir-birini tamamlayır. Qazaxıstan azərbaycanlı turistləri Avrasiya çalarlarının bütün elementlərini özündə əks etdirən türk mədəniyyəti memarlığı ilə cəlb edə bilər. Qədim İpək yolunda yerləşən Almatı isə dağ silsilələrinin unikal təbiəti və landşaftları ilə diqqəti cəlb edir”, — o deyib.

Tamilla MƏMMƏDOVA