Hədiyyə edilən mallara görə ƏDV nə zaman hesablanıb ödənilməlidir?

2023.08.14 14:35 (UTC+04:00)

ƏDV ödəyicisi tərəfindən malları əvəzsiz əsasla qarşı tərəfə təqdim edilirsə (hədiyyə edirsə, bağışlayırsa), qarşı tərəfdən ödəniş almasa, ƏDV-ni büdcəyə hesablayıb ödəməlidir. Belə hallarda malların bazar qiyməti ilə dəyəri vergitutma obyektini təşkil edir.

Bəs malları bağışlayan vergi ödəyicisi ƏDV-ni nə zaman ödəməlidir?

Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, mallar əvəzsiz təqdim edilərsə, vergi tutulan əməliyyatın vaxtı təqdim edildiyi vaxt sayılır.

Məcəllənin 178-ci maddəsinə görə, ƏDV üçün hesabat dövrü ay hesab olunduğundan hədiyyənin təqdim edilməsi hansı ayda baş veribsə, həmin ayın bəyannaməsində göstərilməlidir. Bunun üçün bəyannamədə xüsusi sətir vardır.

Hesablanmış ƏDV məbləği isə ayrılıqda deyil, digər vergi tutulan dövriyyələrlə bir yerdə büdcə ilə hesablaşmaların aparılmasında nəzərə alınır. Əgər digər əməliyyatlar üzrə və büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olarsa, ƏDV ödəməyə ehtiyac yoxdur. Əks təqdirdə, hesablanmış ƏDV məbləği növbəti ayın 20-nə qədər büdcəyə ödənilməlidir.

Onu da qeyd edək ki, əvəzsiz təqdim edilmə vergi ödəyicilərinə edilərsə, elektron qaimə-faktura təqdim etmək zəruridir. Elektron qaimə-fakturada malların bazar qiyməti qeyd edilməlidir.