Reklam haqqında qanunvericilikdə əmtəələrin xüsusiyyətlərinə görə reklama dair bir sıra tələblər vardır. Bu tələblərdən biri də istehsalı və ya satışı lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələrin yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilməsidir. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.
Reklam yaradıcısı, reklam istehsalçısı və ya reklam agenti reklamda əks olunacaq məlumatların həqiqiliyini təsdiqləyən sənədləri reklamvericidən tələb etməlidir. Reklamverici sənədləri təqdim etmədikdə, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti və reklam yayıcısı onunla müqavilə bağlamaqdan imtina edir. Reklamverici xüsusi razılıqvə ya lisenziya tələb olunan fəaliyyət növü üzrə əmtəənin reklamı zamanı lisenziyanın surətini reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti və reklam yayıcısınına təqdim etməlidir. Sifariş edilən reklamın bu Qanunun tələblərinə uyğun olmasına görə reklamverici, reklam istehsalçısı və reklam yayıcısı məsuliyyət daşıyır.
Həmçinin ölkə ərazisində mülki dövriyyədə olmasına yol verilməyən və ya mülki dövriyyədən çıxarılmış əşyaların, habelə reklam istehlakçısının mənəviyyatına, fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən, zərərli vərdişlər aşılayan, ictimai təhlükəsizlik, ətraf mühit üçün təhlükə potensialı olan əmtəələrin və hərəkətlərin reklamı qadağandır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17.10.2016-cı il tarixli Qərarına əsasən “Reklamı qadağan olunan əmtəələrin Siyahısı” təsdiq edilib. Həmin Siyahıya əsasən reklamı qadağan olunan əmtəələr aşağıdakılardır:
Ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr - istifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar, işlənilmiş batareyalar, istifadə olunmuş şinlər, işlənilmiş sürtkü və mühərrik yağlarının da reklamı qadağandır.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
İstehlakçılar müxtəlif platformalarda reklamların yayımlanması zamanı mövcud qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması halları ilə rastlaşdıqları halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.