Tahir Mirkişili: “Elektron pulun emissiyası iqtisadi proseslərin mobilliyinin artmasına təsir edəcək” MÜSAHİBƏ

2023.08.14 10:28 (UTC+04:00)

- Tahir müəllim, bu günlərdə dövlət başçısının təsdiq etdiyi “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunda təsbit olunmuş əsas yeniliklərin əhəmiyyəti nədən ibarətdir?

- İlk növbədə qeyd etmək istəyirəm ki, bu qanun dövlət başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, o cümlədən ölkə Prezidentinin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramın”da nəzərdə tutulmuş ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi prioritetlərinin çərçivəsində hazırlanıb. Bundan əlavə, son illərdə ölkəmizdə ödəniş sistemində innovativ üsullardan istifadənin genişlənməsi və nağdsız ödənişlərin səviyyəsinin artması, bu fəaliyyət növünün qanunvericiliklə tənzimlənməsinin zəruriliyini ortaya çıxarmışdı.

Elektron pul təşkilatları elektron pul xidmətlərini həyata
keçirmək üçün Mərkəzi Banka lisenziya əldə olunması ilə bağlı
müraciət etməli və lisenziya tələblərini təmin etdikdən sonra
müvafiq sənəd əsasında fəaliyyət göstərməlidirlər

Qanun maliyyə xidmətləri istifadəçilərinin hüquqlarının qorunması, aparılan əməliyyatların təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda bu sahədə fəaliyyət göstərən təşkilatlara tələblərin müəyyən olunması, sistemləşdirilməsi və onların üzərində nəzarətin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ödəniş xidmətlərinin çıxış imkanlarının artırılması, rəqabətli ödəniş bazarının formalaşması, əhaliyə və iqtisadi subyektlərə innovativ texnologiyalara əsaslanan ödəniş xidmətlərinin təqdim olunması qanunun əsas məqsədlərindəndir.

- Yeni qanunda ödəniş xidmətlərinin təchizatçıları sırasına elektron pul təşkilatlarının əlavə edilməsi öz əksini tapıb. Elektron pul təşkilatı dedikdə nə başa düşülür və onun bu sahədə əhəmiyyəti nədən ibarət olacaq?

- Bildiyiniz kimi, yeni qanunun qəbulu ilə ödəniş xidmətlərinin təchizatçılarına 6 təşkilat aid edilib və bunlardan biri də elektron pul təşkilatlarıdır. Elektron pul təşkilatları elektron pul xidmətlərini həyata keçirmək üçün Mərkəzi Banka lisenziya əldə olunması ilə bağlı müraciət etməli və lisenziya tələblərini təmin etdikdən sonra müvafiq sənəd əsasında fəaliyyət göstərməlidirlər. Bununla bağlı müvafiq tələblər bu qanun və Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. Xüsusilə qeyd etmək lazımdır ki, fəaliyyəti innovativ texnologiyalara əsaslanan həmin təşkilatların tətbiq edəcəyi, istismar edəcəyi informasiya sistemlərinin təhlükəsizliyinin təmin olunması, əsas və fərdi məlumatların saxlanması, qorunması üzrə tələblər böyük önəm daşıyır. Eyni zamanda, həmin sistemlərin etibarlı və davamlı fəaliyyəti məqsədilə əməliyyatların dayanıqlı bərpa prosedurları təmin olunacaq.

Ödəniş xidmətlərinin göstərilməsi ilə yanaşı, elektron pul təşkilatı ödəniş sərəncamının icrası məqsədilə valyuta mübadiləsi fəaliyyəti, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrasının aparılması üçün ödəniş xidməti istifadəçilərinə onlarla razılaşdırılmış şərtlərlə kreditlərin verilməsi, göstərdiyi ödəniş xidməti ilə birbaşa bağlı olan pulların saxlanılması, daşınması, məlumatların emalı və ötürülməsi kimi fəaliyyətləri həyata keçirə bilər.

İstifadəçilər ödənişləri, köçürmələri və alışları rəqəmsal olaraq,
istənilən vaxt və istənilən yerdə internet bağlantısı ilə
həyata keçirə bilər ki, bu da daha rahat və əlçatandır

- Elektron pul termininin mahiyyəti və onun vətəndaşlar üçün nə dərəcədə əlçatan olacağı barədə izahınız maraqlı olardı...

- Elektron pul termini qanunda kifayət qədər aydın izah olunub. Burada əsas fərq qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamında pulun elektron formada saxlanılmasıdır. Bu qanunla tənzimlənən və iqtisadi proseslərə inteqrasiyası nəzərdə tutulan ödəniş agentlərinin fəlaiyyəti ilə ölkəmizdə maliyyə inklüzivliyinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Xüsusilə də bölgələrimizdə ödəniş xidmətlərinin əlçatanlığını artırılması baxımından ödəniş agentlərinin olması önəmli bir komponentdir. Qeyd edim ki, ödəniş agentləri qanunvericiliklə təsbit olunmuş ödəniş xidmətlərinin ödəniş hesabına mədaxil-məxaric edilməsi, ödəniş alətləri üzrə ödənişlərin aparılması, pul köçürmələri, eyni zamanda elektron pulun satışı və qalıq dəyərinin geri ödənilməsi xidmətlərini banklar, ödəniş təşkilatları, elektron pul təşkilatları ilə bağlayacaq müqavilə çərçivəsində həyata keçirə biləcəklər. Lisenziyalaşdırma fəaliyyətinə aid olmayan ödəniş agenti təşkilatlarla müqavilə bağladıqdan sonra Mərkəzi Banka məlumat verməklə, on iş günü ərzində qeydiyyata alınaraq fəaliyyət göstərə biləcəklər.

- Azərbaycan ərazisində elektron pulun emissiyasının həyata keçirilməsinə də icazə veriləcək. Bu, ölkənin maliyyə sektoruna hansı üstünlükləri verəcək?

- Elektron pulun emissiyası ölkəmizdə iqtisadi proseslərin effektivliyinin və mobilliyinin artmasına əhəmiyyətli təsir edəcək. Eyni zamanda, pul kütlələrinin dövriyyə sürətində artım müşahidə olunacağı və bu resurslara əlçatanlığın təmin ediləcəyi gözlənilir. Elektron pul fiziki nağd pula ehtiyacı aradan qaldıraraq tez və asan əməliyyatlar aparmağa imkan verir. İstifadəçilər ödənişləri, köçürmələri və alışları rəqəmsal olaraq, istənilən vaxt və istənilən yerdə internet bağlantısı ilə həyata keçirə bilər ki, bu da daha rahat və əlçatandır. Elektron pul emissiyasının digər bir üstünlüyü onun xərc cəhətdən effektiv olmasıdır. Belə ki, fiziki valyutanın çapı, daşınması və təhlükəsizliyi ilə bağlı xərclərdə ciddi azalma olacağı gözlənilir. Elektron pulun inkişafı və qəbulu maliyyə sektorunda innovasiyalara təkan verəcək, yeni maliyyə məhsulları, xidmətləri və biznes modellərinin yaradılmasına şərait yaradacaq.

İlhamə İSABALAYEVA