Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanunu təsdiqləyib.
Qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Sənəddə ödəniş sistemlərinin təşkili və qaydaları, hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və çıxarılması, nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı meyarlar əks olunub.
Qanuna əsasən, Azərbaycanda ödəniş xidmətlərinin təchizatçılarına 6 təşkilat aid ediləcək: Azərbaycan Mərkəzi Bankı, banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, ödəniş təşkilatları, elektron pul təşkilatları.