Reklam qanunvericiliyinin pozulması hansı hallarda inzibati məsuliyyətə səbəb olur?

2023.08.09 17:43 (UTC+04:00)

Reklam qanunvericiliklə müəyyən edilmiş bir sıra tələblərə cavab verməlidir. Bu tələblərin pozulması öz növbəsində müvafiq məsuliyyət tədbirlərinin görülməsi üçün əsas verir. Reklam fəaliyyəti digər qanunvericilik aktları ilə yanaşı, İnzibati Xətalar Məcəlləsi ilə də tənzimlənir. Reklam qanunvericiliyinin pozulması üzrə xəta tərkibləri və inzibati məsuliyyət tədbirləri İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi ilə müəyyən olunur.

Məcəllənin tələblərinə əsasən:

Bundan əlavə, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd etmək lazımdır ki, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarəti Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə öz növbəsində haqsız rəqabətə yol verilməsi və qanunsuz reklam üsullarından istifadə edilməsi hallarını (buradan bax - https://urlis.net/sdvmp5dt ) aşkar etdikdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.

Qiymətli kağızlar bazarında reklam qanunvericiliyinin pozulmasına görə vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.

Məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

İstehlakçılar açıq məkanda haqsız rəqabətə yol verilməsi və qanunsuz reklam üsullarından istifadə edilməsi halları da daxil olmaqla, reklamların yayımlanması zamanı mövcud qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması faktları ilə rastlaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.