Fiziki şəxs olan təsisçiyə ödənilən dividenddən ödəmə mənbəyində vergi tutulmalıdırmı?

2023.08.09 12:15 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.10-cu maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Belə ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (payçısı) olan fiziki və hüquqi şəxsə ödənilən dividenddən ödəmə mənbəyində vergi tutulmur.

Bununla yanaşı, Vergi Məcəlləsinin 122.2-ci maddəsinin müddəalarına əsasən dividendin faktiki sahibi olan hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.

Qeyd olunanlara əsasən, müraciətdə yuxarıda göstərilən halda, ödəmə mənbəyində vergidən azad olunan dividend gəlirini əldə edən ƏDV qeydiyyatında olan rezident müəssisə tərəfindən həmin dividendin öz təsisçisi olan fiziki şəxsə yenidən dividend şəklində verilməsi zamanı Vergi Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 106-cı və 122-ci maddələri.