Monitorinq və qiymətləndirmə açıq hökumət və yaxşı idarəetmə imkanlarını artırır

2019.06.12 18:10 (UTC+04:00)

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dünya Bankının "Dövlət İdarəçiliyi ilə bağlı Regional Konfrans Səmərəli, Hesabatlı və İnklüziv İnstitutların yaradılması" mövzusunda təşkil etdiyi tədbirdə çıxış edib. Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən tədbirdəki məruzəsində Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda monitorinq və qiymətləndirmə institutu strateji idarəetmənin tərkib hissəsi kimi formalaşdırılır: "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən BMT İnkişaf Proqramı, Dünya Bankı və Avropa İttifaqının dəstəyi ilə monitorinq və qiymətləndirmə çərçivəsi və metodologiyası hazırlanıb. Metodologiya çərçivəsində fəaliyyət əsaslı və nəticə əsaslı monitorinq və qiymətləndirmə yanaşmaları işlənilib. Eyni zamanda, beynəlxalq inkişaf partnyorlarının dəstəyi ilə həm İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, həm də monitorinq və qiymətləndirilməsi aparılan qurumlarda bu sahədə bacarıqların artırılması həyata keçirilir. Mərkəz BP şirkətinin dəstəyi ilə monitorinq və qiymətləndirmə üzrə proqram təminatı yaradıb. Artıq monitorinq və qiymətləndirmə rəqəmsallaşdırılıb və beləliklə, daha az resursla daha çox fəaliyyətlər həyata keçirmək mümkündür. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təkcə dövlətin deyil, həm də beynəlxalq təşkilatların Azərbaycanda həyata keçirdiyi 30-a qədər layihənin monitorinq və qiymətləndirilməsini həyata keçirir. Monitorinq və qiymətləndirmə nəticələrinin kommunikasiyası zamanı, ictimai müzakirə formatı da daxil olmaqla, müxtəlif üsullardan istifadə edilir. Beləliklə, vətəndaş iştirakçılığı təmin olunur və dövlət-özəl dialoqu genişlənir. Eyni zamanda, monitorinq və qiymətləndirmə açıq hökumət və yaxşı idarəetmə imkanlarını artırır, hökumətin fəaliyyətini daha səmərəli, şəffaf və hesabatlı edir. Monitorinq zamanı toplanan informasiya "big data" təşkil edir ki, bu da idarəetmədə innovasiyaların tətbiqi imkanlarını genişləndirir. Azərbaycanda qəbul edilən ortamüddətli xərclər çərçivəsi və büdcə qaydaları ilə birlikdə monitorinq və qiymətləndirmə proqram əsaslı idarəetməni təmin edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi monitorinq və qiymətləndirmə çərçivəsində donor koordinasiyasını da həyata keçirir. Hazırda Mərkəzin monitorinq və qiymətləndirmə mexanizmi Dünya Bankının "Transformasiya dəyişikliklərinin qiymətləndirilməsi mükafatı"na namizədlərdən biridir."

V.Qasımlı həmçinin bildirib ki, Azərbaycan monitorinq və qiymətləndirmə sahəsində topladığı təcrübəni digər ölkələrlə bölüşməyə hazırdır.