Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemləri istismara verilib YENİLƏNİB

2023.08.07 11:13 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına layihə çərçivəsində görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

“Qazax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına 2019-cu ildə başlanılıb. Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb və 7,8 kilometr uzunluğunda artezianlararası su xətti çəkilib. Su mənbəyindən Qazax şəhərinə 8,9 kilometr uzunluğunda magistral su kəməri inşa olunub. Şəhər yaxınlığında hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı tikilib.

Qeyd edildi ki, şəhər ərazisində 119 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi inşa olunub. İnvestisiya hesabına 6900, daxili imkanlar hesabına 1324 ünvan olmaqla, ümumilikdə 8224 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Şəhər ərazisində 83 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 3,8 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikilib.

Şəhər şəbəkəsinin operativ idarə edilməsi və işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə inzibati bina da inşa olunub. Layihənin icrası nəticəsində rayonun Ağköynək və Qarapapaq kəndlərinin şəhərə bitişik hissəsi də su ilə təmin edilib. Bu layihə çərçivəsində yeni yaradılmış su mənbəyi hesabına gələcəkdə həmin kəndlərin digər hissəsinə, eləcə də Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə layihədən 45 min sakin faydalanacaq.

Prezident İlham Əliyev Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsini bildirən düyməni basdı.

AZƏRTAC