Texnologiyalar parkının rezidenti əməkhaqqından tutulmaları necə hesablayır?

2023.08.07 10:12 (UTC+04:00)

Misal: Neft-qaz sektorunda fəaliyyətdə olan şirkətdə əməkdaşın muzdlu işdən aylıq gəliri 9.000 manat, həyatın yığım sığortası müqaviləsi isə aylıq 3.660 manat təşkil edir. Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə uyğun olaraq həyatın yığım sığortası üzrə işçinin aylıq əməkhaqqından 3.000 manat çıxılır və sığorta şirkətinə ödənilir. Bu halda, hesablama aşağıdakı kimidir:

Gəlir vergisi: - ((9000 – 3000 - 2500) x 25%) + 350 = 1225 manat;

Sığortaedənin vəsaiti hesabına ödənilən MDSS: - (9000 - 3000) x 3% = 180 manat;

Sığortaolunanın gəlirlərindən tutulan MDSS: - (9000 - 3000) x 22%=1320 manat.

Həyatın yığım sığortasına köçürülən məbləğ: - 3000 + 3000 x 22% = 3660 manat. Texnologiyalar parkının rezidenti statusu aldıqdan sonra hesablama necə aparılacaq?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları gəlir vergisindən azaddır.

Eyni zamanda, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqına cəlb edilmir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, muzdlu işdən əldə edilmiş aylıq gəlirin 8000 manatadək olan hissəsi 0 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilir, qalan vergiyə cəlb olunan digər məbləğdən isə həyatın yığım sığortasına ayrılan məbləğ çıxıldıqdan sonra qalan məbləğdən 5 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Eyni zamanda, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə məcburi dövlət sosial sığorta haqqından azadolma sığortaolunanın gəlirlərinə münasibətdə tətbiq edildiyindən və fiziki şəxslər Qanunun 14.8-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etdiyi təqdirdə, məcburi dövlət sosial sığorta haqqı sabit məbləğdən, yəni minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından hesablandığından, Qanunun 14.8-ci maddəsi tətbiq edildikdə fiziki şəxslərin həyatın yığım sığortası üzrə nəzərdə tutulan sığorta haqqından azadolma hüququ yaranmır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi.