Bu günlərdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA), Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CİAT) və Portuqaliyanın Vergi və Gömrük Orqanının birgə təşkilatçılığı ilə Lissabon şəhərində keçirilmiş "Rəqəmsal İqtisadiyyat"a dair Vergi Sammitinə həsr olunmuş xüsusi nəşr çapdan çıxıb. Nəşrdə Azərbaycanın vergilər naziri Mikayıl Cabbarovun Sammitin "Vergi inzibatçılığı 10-15 il sonra: dəyişikliklərin tempinə necə uyğunlaşmalı" mövzusunda keçirilən sessiyasında çıxışına da yer verilib. Həmin yazıda vergilər naziri Mikayıl Cabbarovun dünyada baş verən sürətli dəyişiklik tempi, inkişaf edən yeni iqtisadi tələblərə uyğunlaşmaq ehtiyacı və yeni texnologiyalardan geniş istifadəsi, bu prosesdə vergi orqanlarının rolunun artması barədə fikirləri öz əksini tapıb.
Azərbaycanda rəqəmsal iqtisadiyyatın qurulması və vergi inzibatçılığının rəqəmsallaşdırılması sahəsində görülən işlərə toxunan Mikayıl Cabbarov ölkəmizdə uzun illərdir ki, vergi bəyannamələrinin elektron təqdim edildiyini, elektron vergi hesab-fakturasının tətbiqinin həyata keçirildiyini, eyni zamanda vergi ödəyicilərinə çoxsaylı elektron xidmətlər göstərildiyini diqqətə çatdırıb. Qeyd edib ki, vergi inzibatçılığında rəqəmsal texnologiyalardan, xüsusən də süni intellekt və blokçeyn texnologiyalarının təqdim etdiyi üstünlüklərdən istifadə artıq zamanın tələbinə çevrilib. Bu baxımdan, vergi administrasiyaları məlumat mübadiləsi və şəffaflıq kimi güclü alətlərin imkanlarından istifadə etməyə çalışmalıdırlar.
Qeyd olunub ki, IOTA və CIAT kimi təşkilatlara üzv ölkələr bu sahədə onların təcrübəsindən geniş şəkildə faydalanmalıdır. Vergilər naziri vergilərlə bağlı ictimai məlumatlandırma işinin vacibliyini və bu məsələnin növbəti illər üçün prioritet istiqamətlərdən olacağını diqqətə çatdırıb.