Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova "İzvestiya" qəzetinə müsahibəsində bildirib ki, ölkə üzrə 15 milyon vətəndaş əməkhaqqını qeyri-leqal yolla alır. "Kölgə iqtisadiyyatı" ucbatından hər il sosial fondlar 2,3 trilyon rubl (60,3 milyard manat) vəsait itirir.
"Xərclərin vətəndaşların gəlirlərini üstələməsinə gəldikdə isə, 2017-ci ilin göstəricilərinə əsasən (2018-ci ilin göstəriciləri hələ hazır deyil), fərq 13,3 trilyon rubl (348 milyard manat) təşkil edir. Bu, ümumi daxili məhsulun 14,5 faizidir. Həmin vəsaitin bir hissəsi yığılmamış vergilərdir", - Baş nazirin müavini bildirib.
Xatırladaq ki, "boz gəlirlərin" kölgədən çıxarılması üçün 2019-cu ilin yanvarından Rusiya Federasiyasının dörd subyektində - Moskva, Moskva vilayəti, Tatarıstan Respublikası və Kaluqa vilayətində pilot layihəyənin həyata keçirilməsinə başlanılıb. Bu ərazilərdə özüməşğul əhalinin qeydiyyatı aparılır. "Vergi xidmətinin son məlumatına əsasən, artıq 102 min şəxs qeydiyyata alınıb. Bu, kifayət qədər ciddi rəqəmdir – 7,6 milyard rubl (200 milyon manat) dövriyyə deməkdir", - xanım T.Qolikova qeyd edib.