Nağdsız ödənişlərin həcmi artıb

2019.06.12 10:15 (UTC+04:00)

2019-cu ilin aprel ayında debet və kredit kartları ilə aparılan əməliyyatların sayı artaraq 12 min 489-a çatıb. Mərkəzi Bankın məlumatına əsasən, bu il mayın 1-dək həmin əməliyyatların həcmi 1 milyard 759 milyon manat olub.

Apreldə ölkədaxili nağdsız ödənişlərin həcmində də artım müşahidə edilib: kartlar vasitəsilə 334 milyon manat həcmində nağdsız ödəniş aparılıb. Nağdsız ödənişlərin 212 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 106 milyon manatı POS-terminallar, 16 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.

Aprel ayında dövriyyədə olan ödəniş kartlarının ümumi sayı da 6 milyon 721 min ədəd olub. Bunun tərkibinə daxil olan əməkhaqqı və kredit kartlarının sayı da mart ayına nisbətən artıb. Əgər martda əməkhaqqı kartlarının sayı 2 milyon 78 min olmuşdusa, apreldə bu rəqəm 2 milyon 96 minə çatıb. Kredit kartlarının sayı isə 786 mindən 795 minə yüksəlib. Yalnız sosial kartların sayı 13 min ədəd azalaraq 2 milyon 523 minə düşüb.