Güzəştli vergi tutulan ölkələrə edilən ödənişlərdən hansı hallarda vergi tutulur?

2023.07.28 14:18 (UTC+04:00)

Misal 1: Vergi ödəyicisi ona məxsus malların Avropadan Azərbaycana daşınması üçün qeyri-rezidentdən 10.000 manat məbləğində beynəlxalq daşıma xidməti alır. Vergi Məcəlləsinin 13.2.16.17-ci maddəsinə əsasən, qeyri-rezidentin Azərbaycan şirkətinə göstərdiyi beynəlxalq daşıma xidmətinə görə əldə etdiyi gəlir Azərbaycan mənbəyindən əldə edilmiş gəlirdir. Həmin gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə o zaman Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən 6% dərəcəsi ilə ödəmə mənbəyindən vergiyə cəlb edilməlidir. Yəni, Azərbaycan şirkəti 600 manat vergi məbləğini ödəmə mənbəyində tutub büdcəyə köçürməli və 9.400 manat ekvivalentində olan məbləği qeyri-rezident daşıma şirkətinə ödəməlidir:

10000 x 6% = 600 manat;
10000 – 600 = 9400 manat.

Misalın ardı olaraq tutaq ki, həmin qeyri-rezident daşıma şirkəti Lixteynşteyndə təsis edilib. Lixteynşteyn Vergi Məcəlləsinin 128.3-cü maddəsinə əsasən “Güzəştli vergi tutulan ölkələr və ərazilərin siyahısı”na daxildir. Əgər ödəniş edilən qeyri-rezident 128.3-cü maddəsinə əsasən “Güzəştli vergi tutulan ölkələr və ərazilərin siyahısı”na daxildirsə, Vergi Məcəlləsinin 125-1 və 13.2.16.14-1 maddələrinə əsasən ödəniş güzəştli vergi tutulan ərazidə qeydiyyatdan keçən, təsis edilən qeyri-rezident şirkətə ödənilirsə o zaman ödənilən vəsaitdən əlavə olaraq 10% dərəcəsi ilə ödəmə mənbəyində vergi tutulacaq və büdcəyə köçürüləcək.

Bəzən təcrübədə belə bir sual yaranır ki, Məcəllənin 125-1-maddəsinə əsasən əlavə olaraq tutulan 10% ödəmə mənbəyində vergi əməliyyatın dəyəri olan 10.000 manat tam məbləğdən tutulmalıdır, yoxsa 6% ödəmə mənbəyində vergi tutulduqdan sonra qalan 9.400 manat məbləğindən tutulmalıdır?

Məsələn, bizim misalda daşımaya görə 10.000 manat xidmət haqqından həm 6% olaraq 600 manat, həm də 10% olaraq 1.000 manat vergi ödəmə mənbəyində tutulub büdcəyə köçürülməlidir, yoxsa əvvəlcə 10.000 manatdan 6% olaraq 600 manat, sonra köçürüləcək 9400 manatdan 10% olaraq 940 manat vergi ödəmə mənbəyində tutulub büdcəyə köçürülməlidir?

Qanunvericiliyin tələbinə əsasən, güzəştli vergi tutulan ölkədə təsis edilən, qeydiyyatdan keçən qeyri-rezidentə göstərdiyi daşıma xidmətinə görə ödəniş edən Azərbaycan şirkəti əvvəlcə 10.000 manatsan 6% olaraq 600 manat, sonra isə qalan 9.400 manatdan 10% olaraq 940 manat olmaqla cəmi 1.540 manat vergini ödəmə mənbəyində tutub büdcəyə ödəməlidir.

Qeyri-rezidentə edilən ödənişin ödəmə mənbəyində vergiyə cəlb edilməsi ilə bağlı diqqət edilməli olan digər məqam xidmət göstərən şirkətin özünün güzəştli vergi tutulan ölkədə qeydiyyatdan keçən şirkət olması ilə bağlıdır. Ola bilər ki, həmin qeyri-rezidentə məxsus olan bank hesabı güzəştli vergi tutulan ölkədə olan bankda olsun. Azərbaycan şirkəti xidmət haqqını qeyri-rezidentin həmin bank hesabına köçürə bilər. Belə olan halda da 10% dərəcəsi ilə ödəmə mənbəyində vergi tutulacaq.

Misal 2: Azərbaycan şirkəti ona məxsus malların Almaniyadan Türkiyəyə daşınması üçün Türkiyə Respublikasının rezidenti olan daşıma şirkətindən 5.000 manat məbləğində daşıma xidməti alır. Vergi Məcəlləsinə əsasən bu daşıma beynəlxalq daşıma hesab edilmir. Ona görə də bu ödənişdən Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən 6% dərəcəsi ilə ödəmə mənbəyində vergi tutulmayacaq. Çünki Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən 6% dərəcəsi ilə ödəmə mənbəyində vergi beynəlxalq daşımaya görə tutulur.

Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, beynəlxalq daşıma – yüklərin müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır. Yəni, əgər həmin daşıma şirkəti daşınan malları Almaniyadan Azərbaycana daşısaydı, o zaman bu daşıma beynəlxalq daşıma hesab edilərdi. Əks təqdirdə ölkə hüdudlarından kənarda 2 ölkə arasında olan bu daşıma beynəlxalq daşıma deyil. Bu daşıma beynəlxalq daşıma olmadığı üçün 5.000 manat məbləğdən 6% dərəcəsi ilə ödəmə mənbəyində vergi tutulmayacaq.

Lakin Türkiyə rezidenti olan daşıma şirkətinin bank hesabı Lixteynşteyndəki bankda yerləşirsə və Azərbaycan şirkəti daşıma xidmətinə görə ödənişi daşıma şirkətinin Lixteynşteyndəki bank hesabına köçürəcək. Belə olan halda Vergi Məcəlləsinin 125-1 və 13.2.16.14-1 maddələrinə əsasən, 5.000 manat ödənişdən ödəmə mənbəyində 500 manat vergi tutularaq büdcəyə ödəniləcək.

Türkiyə Respublikasına məxsus daşıma şirkəti Azərbaycan şirkətinə 2 ayrı-ayrı invoys təqdim edə bilər. Ödəniləcək 5.000 manat daşıma xidmətinin 3.000 manat hissəsini Lixteynşteyndəki bank hesabına, 2.000 manat hissəsi isə Türkiyə Respublikasında olan bank hesabına köçürülməsini istəyə bilər. Belə olan halda ancaq güzəştli vergi tutulan ərazi olan Lixteynşteyndəki bank hesabına köçürülən 3.000 manatdan 10% dərəcəsi ilə 300 manat məbləğində ödəmə mənbəyində vergi tutularaq büdcəyə köçürüləcək. Türkiyə Respublikasındakı bank hesabına köçürülən 2.000 manat məbləğindən isə heç bir vergi tutulmayacaq.