Rusiyada ƏDV-nin dərəcəsinin artırılması gözlənilən nəticəni verməyib

2019.06.11 19:02 (UTC+04:00)

Rusiya Xalq Təsərrüfatı Akademiyası və Rusiya Prezidenti yanında Dövlət Xidmətinin hazırladığı "Rusiyada iqtisadi vəziyyətin monitorinqi"ndə göstərilib ki, 2019-cu ilin əvvəlindən əlavə dəyər vergsinin (ƏDV) baza dərəcəsi 18 faizdən 20 faizə qaldırılsa da, ƏDV-nin ümumi daxili məhsula nisbətində artım baş verməyib.

Analitiklərin fikrincə, bunun əsas səbəbi bir sıra sövdələşmələrin 2018-ci ilin sonuna keçirilməsi olub. Bundan əlavə, belə vəziyyətin yaranmasına inzibatçılığın keyfiyyətinin aşağa düşməsi və vergi dərəcəsinin artımına qarşı vergi bazasının daralması səbəb ola bilər.

Bu il yanvarın 1-dən baza dərəcəsi 20 faizə qaldırılmış ƏDV Rusiyada ən çox yığılan vergidir və karbohidrogenlərin satışından daxil olan vəsaitlər nəzərə alınmasa, ölkənin büdcə gəlirlərinin əsas mənbəyini təşkil edir. Hökumətin hesablamalarına görə, ƏDV-nin dərəcəsinin artırılması hər il büdcəyə 620 milyard rubl (16 milyard manat) əlavə vəsait gətirməli və həmin vəsait milli layihələrə yönəldilməlidir.