SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib

2023.07.27 15:09 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2022-ci il büdcəsinin icrası və maliyyə-təsərrüfat fəaliyyəti barədə müzakirə aparılıb, ötən il şirkətin maliyyə göstəricilərinin əhəmiyyətli dərəcədə artdığı vurğulanıb.

İclasda idarəetmə strukturunun təkmilləşdirilməsi, səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə yeni əməliyyat modeli təsdiq olunub.

Müşahidə Şurasının iclasında, həmçinin şirkətin 2023-cü ilin yarımillik fəaliyyəti üzrə nəticələr nəzərdən keçirilib, 2024-cü il və sonrakı 3 il üçün büdcə proqnozları və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, xam neft və qaz kəşfiyyatı və hasilatı sahəsində effektivliyin artırılması, şirkətin “yaşıl enerji” istehsalında fəaliyyətinin gücləndirilməsi, innovativ və rəqəmsal texnologiyaların tətbiqi, biznes dayanıqlılığının və insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində görülən işlər və gələcək hədəflər barədə müzakirə aparılıb.